İdmanın inkişafında Öndər izi
İdman

İdmanın inkişafında Öndər izi

"Mən çox şadam ki, Azərbaycan idmançıları bütün dünyaya həm fiziki, həm mənəvi qüvvələrini nümayiş etdirdilər və ölkəmizi çox ləyaqətlə təmsil etdilər. Buna görə bir daha mən sizi ürəkdən təbrik edirəm". Bu sözləri 2008-ci ildə olimpiya oyunlarında medal qazanmış idmançılarla görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib.

2004-cü il 10 may tarixində Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu təsis edilib. Fondun əsas məramı ümummilli lider Heydər Əliyevin dəyərli irsini öyrənmək və təbliğ etməkdir. Ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılan Fondun fəaliyyət sahələri arasında mədəniyyət, təhsil, idman və turizm də yer alır. Bu günə qədər Heydər Əliyev Fondu Azərbaycanda və dünyada bir çox layihələr həyata keçirib. Fondun dəstəyi ilə milli mədəniyyətimiz beynəlxalq arenada təmsil olunur.

Fondun fəaliyyətində idman xüsusi yer tutur və müxtəlif tədbirlər, müsabiqələr və idman komplekslərinin tikintisi, uşaq və yeniyetmələrdə idmana marağın artırılması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaq və yeniyetmələrdə idmana marağın artırılması məqsədilə bir çox təhsil müəssisələrində idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılıb. Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun təqaüdlərinə və diplomlarına layiq görülüblər. 2007-ci və 2008-ci illərdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku beynəlxalq şahmat festivalı da Fondun dəstəyi ilə baş tutub. Ən mühümü isə 2016-cı ildən keçirilən Bakı marafonudur. Yarış idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da idmana yüksək marağın göstəricisidir. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən insanlar marafonda iştirak üçün müraciət edirlər. İştirakçıların arasında ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrin vətəndaşları olur. Bu il də 7-ci dəfə təkrarlanan marafonda 18 mindən çox iştirakçı yarışıb. Yarışın şüarı "Küləyə qalib gəl", iştirakçılar isə xüsusi qayğıya ehtiyacı olan şəxslər, 200-dən çoxu fəxri qonaq, 6 mindən çoxu isə tələbədir. "Bakı Marafonu 2024"ün sonunda mükafatlandırma mərasimi baş tutub. Belə ki, qadınlar arasında marafonu ukraynalı Nataliya Semenoviç birinci, Azərbaycan təmsilçisi Anna Yusupova ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar. Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb, ondan sonra ukraynalı Boqdan Semenoviç, üçüncü yerdə isə uqandalı İsmail Senyange final xəttini keçib. İlk 3 yerin sahiblərinə müvafiq olaraq pul mükafatları, medal və diplomlar təqdim olunub. Bununla yanaşı, yarışın ən gənc, ən yaşlı və digər nominasiyalardakı iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.

Ötən illər ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə bu gün idman öz yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızın hər yerində müasir Olimpiya idman kompleksləri, meydançalar, idman mərkəzləri və digər qurğular inşa edilib. Ölkəmizin hər yerində yeniyetmə və gənc idmançıların idmanla məşğul olmaları üçün lazımi şərait yaradılıb. Ağsu, Ucar, Göyçay, Gəncə şəhərlərində, Xəzər rayonunun bir sıra qəsəbələrində idman kompleksləri, stadionlar, şahmat məktəbləri, idman liseyləri açılıb. Fondun dəstəyi ilə 2015-ci ildə paytaxt Bakıda baş tutan birinci Avropa Oyunlarının təqdimat mərasimləri fərqli-fərqli ölkələrdə keçirilib. Bundan başqa, Fond idman sahəsində fəaliyyət göstərmiş təqaüdçü idmançılarımıza xüsusi diqqət və qayğı göstərir. Belə ki, ötən günlərdə Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 51 yaşlı veteran hücumçu bu yolda onu tək qoymadıqları və səsinə səs verdikləri üçün Fonda minnətdalığını bildirib.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilib istifadəyə verilib. "Tanrı edilən yaxşılıqları əvəzsiz qoymur və bu stadionda oynayacaq hər bir uşağın duaları da sizinlə olacaqdır" - "Pilar" Katolik Cəmiyyətinin rəsmisi Teodor Maskarena açılış mərasiminə bu sözlərlə başlayıb. Bildirilib ki, əvvəllər stadionun örtüyü daş-kəsəkli idi və elə bir gün olmurdu ki, burada oynayan uşaqlar zədələnməsinlər. Artıq bu problem aradan qalxıb. T.Maskarena deyib ki, nəzərdə tutulan stadionun tikilməsi üçün tanıdığı bütün fondlara, icmalara müraciət edib "Lakin hamıdan rədd cavabı gəlmişdi. Son ümid yerim Heydər Əliyev Fondu idi. Qəlbimin dərinliyində bilirdim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu layihədən xəbər tutsa, müraciətimiz cavabsız qalmayacaqdır. Çünki Fondun Azərbaycanda və dünyada gördüyü işlərdən xəbərdar idim. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva Tanrının bizə hədiyyəsidir. Tanrı onu, Heydər Əliyev Fondunu və Azərbaycanı qorusun".

Rusiya Federasiyasının Volqoqrad şəhərində yerləşən 3 nömrəli gimnaziyanın həyətində inşa olunmuş idman meydançası Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilib. Bundan başqa, Fondun dəstəyi, Rumıniya Əlillərin Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı ilə Buxarest şəhərinin "Lumea Copiilor" ("Uşaqların dünyası") parkında əqli qüsurlu uşaqlar arasında kross qaçışı üzrə "Şansların bərabərliyi" adlı kiçik yarış keçirilib. Yarışın qaliblərinə medallar, kuboklar, diplomlar və hədiyyələr təqdim olunub, iştirakçı uşaqlara hədiyyələr paylanılıb. Bundan sonra 2019-cu ildə Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyilə plan hazırlanıb. Heydər Əliyev Fondu, Ulu Öndərin ideyalarını yaşadan bir qurum olaraq, Azərbaycanın sosial, iqtisadi, mədəniyyət və elmi-tədqiqat sahələrinin inkişafında böyük rol oynamaqdadır. Fondun fəaliyyəti, ölkənin inkişafına hədəflənib.

Töhfə SƏMƏDOVA,

"Respublika".