Humanitar yardım məsələsini ləngidən “ünsürlər” sülhə mane olur
Sosial həyat

Humanitar yardım məsələsini ləngidən “ünsürlər” sülhə mane olur

Azərbaycan tərəfi yenidən öz sülhpərvər mövqeyini  göstərərək erməni əsilli vətəndaşlara humanitar yardım göndərib. Ancaq onlar yenə də bu humanist davranışa qarşı revanşizm göstərərək insident törədiblər. Ermənilər yolun Xankəndi istiqamətində aksiya keçirib, hətta sülhməramlılara qarşı da zorakılıq törədiblər. Bütün bunlar ermənilərin xislətindən xəbər verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardım reinteqrasiya prosesinin təşkilinə böyük töhfə verə bilər. Lakin mənfur məqsədlər güdən aqressor humanizm dəyərlərini ciddi şəkildə tapdalayır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) tərəfindən Xankəndidəki erməni əsilli şəxslərə 40 ton humanitar yardım aparılması ölkəmizin humanizm dəyərlərinə sadiqliyinin təsdiqidir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan ermənilərə yardım məqsədilə Bakıdan yola saldığı humanitar yardım karvanı bir gündür Ağdam-Xankəndi yolundadır. TIR 40 ton un məmulatları ilə yüklüdür. Bununla da Azərbaycan tərəfi bir daha öz humanizmini bütün dünyaya göstərib. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra  qazandığı geopolitik güc, dünyada gedən siyasi proseslərdə ön sıralarda yer alması görünür bəzi beynəlxalq dairələri narahat edir.

Onu da qeyd edək ki, Bakıdan Xankəndiyə göndərilən humanitar yükün saxlanıldığı əraziyə xarici media qurumları gəlib. "Bloomberg", "BBC", "Getty İmage" və digər media qurumlarının əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolundakı postuna gəliblər.

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Ərazidəki vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi avtomobil yollarının açılması ilə bağlı müzakirələr aparılıb. Ağdam-Xankəndi marşrutunda Ermənistan tərəfinin siyasi manipulyasiyaları və bölgədə yaratdığı süni əngəlləri haqqında məlumat verən dövlət başçımız Ermənistan və qondarma rejimin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etdiyini də qeyd edib.

Vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Rəsmi Parisin də öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirən Prezident Emmanuel Makron, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. Lakin Fransa növbəti dəfə təxribatyönümlü addımlar atmağa davam edir. İrəvandan Qarabağa doğru yola çıxan TIR-ların üzərində "Fransadan Artsax xalqına humanitar yardım" kimi banerlər yazılıb. Azərbaycanın ərazisində bu kimi fəaliyyətlər Makron hakimiyyətinin ikiüzlü siyasətini üzə çıxarır. Karvanı Paris meri şəxsən müşayiət edib.

Laçın yolunun blokadada olması, humanitar kriz və bir çox yalan iddialarla beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışan separatçılar siyasi cəhətdən bölünmüş vəziyyətdədir. Paşinyan özü də bir-biri ilə uyğunlaşmayan fikirlər səsləndirir. Bir tərəfdən sülh barəsində danışan baş nazir, digər tərəfdən təxribatlara davam edir.Ermənistan tərəfi nə qədər öz böhtanlarına dəstəkçi tapmağa çalışsa da, gerçəklər açıq-aydındır. Azərbaycan öz torpağını, vətəndaşlarını və onu vətən adlandıran azsaylı xalqların hüquqlarını qorumaq üçün təhlükəsizlik tədbirləri də görür. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq ərazisində yaşayan azlıqlara hüquqlar verir, onların mənafeyini qoruyur, ərazi bütövlüyünü hər şeydən üstün tutur, təhlükəsizliyini təmin edir. Lakin ermənilər müxtəlif səbəblərdən Laçın yolu ilə hərəkət etmək niyyətindədirlər. Ölkəmiz reinteqrasiyanın tamamlanması üçün əlindən gələni etsə də, Ermənistan tərəfinin təxribatları bu prosesləri ləngidir.

Nurcan SÜLEYMANOVA.