Hindistanın regiondakı düzənə müdaxilə cəhdi
Siyasət

Hindistanın regiondakı düzənə müdaxilə cəhdi

Çox təəssüf ki, bu gün bir sıra ölkələr regionda sülhün əldə edilməsinin əksinə, gərginliyin yaranmasında maraqlıdır. Fransa, eləcə də Hindistanın prosesə əngəl törətmək istədiyi özünü daha aydın şəkildə büruzə verir. Hindistan mediasında ölkənin "Akaş" qısamənzilli yer-hava HHM sisteminin İrəvana satmaq istədiyi ilə bağlı xəbərlər yayılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının məqamının yetişdiyi bir ərəfədə rəsmi Dehlinin bu cür addım atması Hindistanın pozucu siyasətindən xəbər verir. Çünki Hindistanın Ermənistanı silahla təmin etməsi sülhün əldə olunmasına xidmət edən fəaliyyət deyil. Bu, birmənalı şəkildə prosesə mane olmağa yönəlmiş bir addımdır.

 Bir məqamı da qeyd edək ki, bu, Hindistanın ilk belə addımı deyil. Belə ki, 2020-ci ildə Hindistan Ermənistana dörd mobil "Svati" radar sistemi satıb. 2022-ci ilin sentyabrında isə iki ölkə arasında "Pinaka" reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Rəsmi Dehli bununla İrəvanı sülhdən yayındırmaq məqsədi güdür. Şübhəsiz, Hindistanın bu addımları regiondakı düzəni dəyişə bilməz. Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu var. Ölkəmiz əldə etdiyi zəfərlə artıq regionda yeni düzən formalaşdırıb. Ona görə də Hindistan daxil olmaqla bəzi ölkələr tərəfindən həyata keçirilən bu siyasət  birmənalı şəkildə qınanmalıdır. Bu, regionda sülhə və təhlükəsizliyə təhdid anlamına gəlir. Amma prosesə əngəl yaratmaq istəyənlərin arzusu reallaşmayacaq. Çünki Azərbaycan bütün müdaxilələrin qarşısını uğurla aldı və almağa davam edir.

Bu gün ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu isə bir daha onu söyləməyə əsas verir ki, Ermənistanı sülh prosesindən yayındırmaq niyyətində olanlar mövcud reallıqlara uyğun davranmalıdırlar. Ölkəmizin nüfuzu hər kəsə bəllidir. Gün keçdikcə Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada önəmi daha çox artır. Sülhə əngəl törətmək məqsədi güdən ölkələr nə qədər pozucu təxribatlara əl atsalar da, Azərbaycan öz mövqeyindən dönməyəcək.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.