Heydər Əliyev fenomeni tərəqqinin göstəricisi
Siyasət

Heydər Əliyev fenomeni tərəqqinin göstəricisi

Ulu Öndərin müdrik siyasəti sayəsində qazanılan uğurlar bunu əyani surətdə təsdiqləyir

Tarixdə şəxsiyyətlərin rolunu, mütərəqqi siyasətinə uyğun olaraq həyata keçirdikləri qlobal layihələri və dünyanın sülh yolu ilə inkişafı üçün müəyyənləşdirdikləri müdrik siyasəti təhlil etdikdə ilk olaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti göz önündə canlanır. Çünki ulu öndər respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən etibarən Azərbaycanın bütün sahələr üzrə tərəqqisi üçün fundamental işlər görərək ölkəmizi inkişaf etdirib və müstəqilliyimizin əsas sütunlarını müəyyənləşdirib.

Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstindən deyil, ötən əsrin qlobal siyasi aynasından baxmalı, regionun tərəqqisi üçün görülən işlərə və qazanılan uğurlara nəzər salmalıyıq. Ulu öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fundamental tədbirlər nəticəsində milli ruhun yüksəlişi təmin edilmiş və xalqımızın qəlbində illərlə kök salmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaranmışdı.

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min yeni iş yeri açılmışdı. Bu illərdə sənaye istehsalı 2,7, xalq tələbatı mallarının istehsalı 3, kənd təsərrüfatı istehsalı 2,7, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8-2,6 dəfə artmışdı.

Müstəqil respublikamızın iqtisadi tərəqqisinin əsasları qoyulan həmin illərdən başlayaraq respublikamız böyük bir inkişaf yolu keçdi. Lakin buna baxmayaraq, bərpa olunan müstəqilliyimizi inkişaf etdirmək o dövrdə ölkəyə rəhbərlik edən yarıtmaz qüvvələrin fəaliyyətsizliyi nəticəsində mümkün olmadı və daxildə pozulan siyasi sabitlik iqtisadiyyatı məhv etməklə vətəndaş müharibəsi təhlükəsi yaratdı. Belə bir tarixi faciə ərəfəsində xalqımız ümidini dahi şəxsiyyət Heydər Əliyevə bağladı. Çünki hər bir ziyalı tam reallığı ilə dərk edirdi ki, Azərbaycanın belə bir çətin vəziyyətdə yeganə çıxış yolu ulu öndərin hakimiyyətə qayıdışıdır. Zamanın çətin sınaqları və bir-birindən dəhşətli faciələrilə üzləşən xalqımız yaşamaq və var olmaq üçün öz yolunu müəyyənləşdirdi və ümummilli liderin hakimiyyətə qayıdışını yekdil səslə təmin etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri xalqımızın arzu və istəyini reallaşdırmaqla xoşbəxt gələcəyinə böyük ümid yaratdı. Əsrlər boyu aramsız davam edən Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı hərbi təcavüzlərinə son qoymaq və regionda sülhə nail olmaq üçün ulu öndər tərəfindən qətiyyətli addım atıldı və 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs haqqında müqavilə imzalandı.

Tarixi şəxsiyyət olan Heydər Əliyev xalqımızın inkişafını, müstəqilliyimizin möhkəmləndirilməsini, iqtisadiyyatımızın tərəqqisini və milli düşüncə tərzimizin yüksəlməsini istəməyən bəzi xarici və daxili qüvvələrin çirkin niyyətini yaxşı bildiyindən qısa zaman kəsiyində ölkənin bütün sahələr üzrə yeni inkişaf strategiyasını müəyyənləşdirdi və uğurla həyata keçirilməsinin təməlini qoydu. "Əsrin müqaviləsi" Azərbaycanın dünyaya siyasi və iqtisadi baxışında yeni mərhələ oldu.

Ümummilli lider yaxşı bilirdi ki, ziyalıları və alimləri ilə seçilən xalqımız zaman gələcək, bütün sahələrdə qazandığı uğurları ilə dünyaya səs salacaq və dünya birliyinə sülhsevər siyasəti sayəsində öz dəyərli töhfəsini verəcək.

Beynəlxalq tribunalarda bütün çıxışlarında sülhü dəstəklədiyini və xalqımızın bu istəyini sona qədər davam etdirəcəyini bəyan edən ulu öndər bunun tezliklə reallaşacağını əminliklə bildirirdi. Məhz bu səbəbdən də ölkə daxilində həyata keçirilən layihələrin qısa zaman kəsiyində regionu da əhatə edəcəyinə əmin idi. Bu səbəbdən də müəyyənləşdirdiyi müdrik siyasətin davamlı olmasına çalışırdı.

Bu gün hər birimiz üçün sevindirici haldır ki, ulu öndərimizin siyasi kursu öz bəhrəsini verir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə istənilən sahə üzrə inkişaf edərək dünyanın əksər ölkələri üçün nümunəyə çevrilib.

Ümummilli liderin layiqli siyasi varisi İlham Əliyevin 2003-cü ildən başlayaraq bu vaxta qədər keçirilən bütün prezident seçkilərində seçicilərin yekdil səsi ilə dövlət başçısı seçilməsi xalqımızın bu siyasi kursa bağlılığının ən parlaq göstəricisidir. Çünki bu müdrik siyasətin qayəsində insanların məmnunluğu, regionda və dünyada sülhün bərqərar olması, iqtisadiyyatın inkişafı, faşizmin məhv edilməsi və insanların rifahı dayanır.

Ümummilli liderin müdrik siyasətinin uğurlar qazanmasında Heydər Əliyev Fondunun da misilsiz xidmətlərinə toxunmaq istərdim. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi sayəsində təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdır. Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 500 məktəb inşa və təmir olunub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Ötən il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi rayonumuzun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.

Ulu öndərin müdrik siyasəti sayəsində qazanılan uğurlar bir daha sübut edir ki, Heydər Əliyev fenomeni inkişaf göstəricisi olmaqla dünyada seçilir və sevilir.

Tural QASIMLI,

YAP Şamaxı Rayon Təşkilatının sədri.