Həsrətin xoşbəxt sonluğu
Sosial həyat

Həsrətin xoşbəxt sonluğu

Laçın rayonu ölkəmizin ən potensial bölgələrindən biri olsa da, ərazi 28 il işğal altında olduğundan rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, ətraf mühitə böyük ziyan vurulub. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşayan ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan ordusu faktiki olaraq rayonun cənub hissəsini döyüşərək azad etdi. Güləbird və digər bir neçə kənd döyüş meydanında geri qaytarıldı. Laçın rayonunun digər hissəsi isə siyasi yolla azad olundu. Belə ki, müharibə başa çatanda rayon Azərbaycanın nəzarətinə keçsə də, Laçın şəhəri dövlətimizin nəzarətindən kənarda idi. Bunun isə obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərindən keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış telefon danışıqları nəticəsində Azərbaycan hökuməti Laçın şəhərindən alternativ yolun çəkilişinin üçtərəfli Bəyanata daxil edilməsinə nail oldu.

Vətən müharibəsindən sonra ölkə başçımız tərəfindən dərhal göstəriş verildi ki, Laçın yolunun marşrutu müəyyən edilsin. Nəticədə Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara verildi. Hazırda da Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda Laçında beynəlxalq hava limanı tikilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Yəni vətən, yurd nisgili ilə dünyasını dəyişən minlərlə insanın ruhunun dolaşdığı qədim yurd yerlərimiz indi abadlaşır.

Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd keçmiş məcburi köçkünlərin yurd yerlərinə geri qaytarılmasıdır ki, bu istiqamətdə işlər davam etdirilir. 31 illik həsrətdən sonra işğaldan azad olunmuş Laçın şəhərinə ilk köç bu ilin mayında baş tutub. Mayın 27-də 20 laçınlı ailədən ibarət 97 nəfərlik köç karvanı doğma torpaqlara yola düşüb. İyunun 14-də 22 ailənin, iyunun 19-da isə 13 ailənin qayıdışı reallaşıb. Yenidən qurulan Laçın şəhəri iyulun 13-də daha 85 nəfərdən ibarət 23 ailəyə, iyulun 18-də 73 nəfərdən ibarət 18 ailəyə, ayın 25-də isə 89 nəfərdən ibarət 19 ailəyə qucaq açıb. Növbəti köç karvanı isə iyulun 28-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu dəfə ümumilikdə 56 sakin olmaqla, 16 ailə Laçına köçürülüb. Bununla da Laçın şəhərində 168 ailənin, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində də işlər davam etdirilir. Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.

Bütün bunlar isə ona işarə edir ki, Laçının laçın vaxtları bundan sonra başlayır.

Jalə QASIMZADƏ,

"Respublika".