Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri davam edir
Digər xəbərlər

Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə kömək göstərilməsinə dair tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib.

Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.

AZƏRTAC