Hərbi attaşelər Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırılıb
Digər xəbərlər

Hərbi attaşelər Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırılıb

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı xüsusi vurğulanıb.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.