Hər ting bir arzudur
Region

Hər ting bir arzudur

Vətən müharibəsində qazanılan şanlı qələbənin gətirdiyi sevinc bu yerlərin hər qarışında hiss olunur, rahat yollarda maşınlar şütüyür, göz işlədikcə uzanan yurd yerlərində bərpa və quruculuq işləri aparılır, işğalın, təcavüzün, erməni vandallığının izlərinə qurub yaradan insan əllərinin qüdrəti ilə son qoyulur. Erməni faşistlərin törətdikləri xarabalıqlar arasından yaraşıqlı, işıqlı, gözəl və müasir bir kənd boylanır.  İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndi azərbaycanlıların mənəviyyatının, torpaq sevgisinin, yurd məhəbbətinin ən gözəl nümunəsi və örnəyidir.  İndi Ağalıda həyat öz axarına düşüb,  ağalılar doğma yurda qayıdışın sevincini yaşayırlar. Kənddə kimi dindirsən Ali Baş Komandan İlham Əliyevə,  müzəffər ordumuza,  şəhidlərimizə,  qazilərimizə sonsuz minnətdarlıq bildirir, bu xoşbəxt günlərə qovuşduqları üçün qürurlu görünürlər.  Ağalı sakini Yeganə Əhmədova söhbət zamanı kövrələrək sevincini belə ifadə edir:

-Ağalının bünövrəsi qoyulan gündən keçmiş məcburi köçkün kimi yaşadığımız yataqxanada yır-yığışa başladım.  Elə bil tikan üstündə oturmuşduq, qayıdacağımız günləri sayırdıq. Həmin gün gəldi, sevincimdən həm ağlayır, həm də gülürdüm,  heç bilmirdim nə edirəm. Kəndə çatanda illərdir həsrətində olduğum yurdumun havasını uddum,  suyundan içdim, elə bil dinə-imana gəldim.  Sevincimizin həddi-hüdudu yoxdur.  Kəndimizə 5 nəfər ailə üzvümlə qayıtmışıq.  Artıq dördotaqlı yaraşıqlı evimiz var.  Allah Prezidentimizi qorusun, şanlı Ordumuzun,  şəhidlərimizin,  qazilərimizin sayəsində doğma yurdumuza qovuşduq.  Allah bütün keçmiş məcburi köçkünlərə bizim kimi yurdlarına,  kəndlərinə qayıtmağı nəsib eləsin.

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində kənd sakinlərinin də iştirak etdiyi Zəfər Günü başqa bir büsatda, sözlə ifadə edilə bilməyən əhvali-ruhiyyədə keçirildi, təbriklər, minnətdarlıqlar səsləndi.  Şanlı Zəfər bayramı münasibətilə məktəbin həyətində meyvə bağı salındı.  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyin,  Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin birgə təşkilatçılığı,  “Böyük Qayıdış” MMC-nin dəstəyi ilə keçirilən aksiyada rayon  ziyalıları,  alimlər və Ağalı kənd orta məktəbinin müəllim-şagird kollektivi iştirak edirdi.

Əvvəlcə Ağalı kənd tam orta məktəbinin qarşısında sakinlərlə görüş keçirildi.  Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib,  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbədən,  şanlı Zəfərin əhəmiyyətindən danışdı.  

Çıxış edən Zəngilan ziyalıları 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsinə,  xalqımıza Zəfər sevinci bəxş etməsinə görə Prezident İlham Əliyevə,  Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib,  Allahdan şəhidlərimizə rəhmət,  qazilərimizə sağlamlıq dilədilər.

Sonra məktəbin həyətində 100 ədəd meyvə ağacı əkildi.  Hər şagird əkdiyi ağacın qarşısında öz ad,  soyad və siniflərini,  müəllimlər isə ad,  soyad və tədris etdikləri fənlərin adını qeyd edən kiçik bir lövhəni də torpağa basdırdılar. Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev  Ağalıda bağın salınmasının xüsusi əhəmiyyət daşıdığını bildirərək dedi:

-Biz Ağalıda bu bağın salınması ilə bütün dünyaya mesaj veririk ki,  hər əkilən ting bəşəri bir arzudan doğur, Azərbaycan dünyanın qorunmasına,  yaşıllaşdırılmasına xidmət edir. Uşaqların alimlərlə,  ziyalılarla birgə bu layihəni icra etməsi xüsusi əhəmiyyətə malikdir.  Zəfər bayramını belə möhtəşəm şəkildə qeyd etdiyimizə görə Prezident İlham Əliyevə təşəkkür edirik,  şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə şəfa diləyirik.

Həmyerlilərinin ürək sözlərini ifadə edən rayon ziyalısı İmanqulu Ağaquluyev sevinclə dedi: -Biz Zəfər Gününü Zəngilan rayonunun Ağalı kəndində qeyd edirik.  Bu gün bizim üçün böyük şərəf günüdür.  Hamımız sevincliyik,  fərəhliyik.  Bu sevinci bizə bəxş edən Prezidentimizə,  Ordumuza təşəkkürümü bildirirəm.

                                                 Salman ALIOĞLU,

                                                   “Respublika”.