Hər bir azərbaycanlının ümid yeri
Sosial həyat

Hər bir azərbaycanlının ümid yeri

Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə 10 may 2004-cü ildə Heydər Əliyev Fondu yaradılıb. Fond Azərbaycanın beynəlxalq aləmdə təmsil olunmasına kömək edir, sosial, mədəni və iqtisadi inkişafına töhfə verir. Yarandığı gündən ölkəmizin tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq edərək mübadilə proqramları təşkil edib. Fond, həmçinin elmi- tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərmək üçün böyük addımlar atıb. Qeyd etməliyik ki, həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

2022-ci ilin əvvəllərində Heydər Əliyev Fondunun layihələri sırasında böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin paytaxtın mərkəzi yerində ucaldılması milli kimliyimizə verilən ali dəyər kimi insanlarda xoş təəssürat yaratdı. Heykəlin açılışında iştirak edən ölkə başçımız İlham Əliyev çıxışı zamanı dedi: "Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir".

Xeyriyyəçiliyi, mərhəməti, şəfqəti özü üçün deviz seçən Heydər Əliyev Fondu bu günə qədər böyük uğurlara, zəfərlərə imza atıb. Fondu eyni zamanda hər bir azərbaycanlının ümid yeri adlandırmaq olar. Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək kimi xüsusi əhəmiyyət kəsb edən məsələlər fondun xeyriyyəçilik istiqamətində gördüyü işlərdir. Heydər Əliyev Fondunun bu sahədə ən uğurlu layihələrindən biri məhz "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Layihə Fondun dəstəyi ilə Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkətinin birgə əməkdaşlığı sayəsində həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin ediliblər. Bununla yanaşı, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilib. Buna əsasən 2009-cu ildə Bakıda ən son texnologiyalarla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan şəxslərin müayinələri, paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar və digər tədbirlər həyata keçirilir. Əvəzsiz işlər görən bu qurumun dəstəyilə indiyədək 50 mindən çox insan yerli klinikalarda müalicə edilib, 10 mindən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olub, həmçinin onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib.

Fond çərçivəsində xəstələrin müayinəsi ilə yanaşı, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması, Bakıda Psixonevroloji Uşaq Mərkəzinin və Talassemiya Mərkəzinin inşası, "Təbəssüm" uşaq sanatoriyasının əsaslı təmiri və yenidən qurulması, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzinin əsaslı təmiri, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin yenidən qurulması həyata keçirilib.

Heydər Əliyev Fondu ölkədən kənarda da fəaliyyət göstərir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilib, Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşını hədiyyə olunub. Əlbəttə, yardımlar bununla bitmir, həmçinin dost ölkə Pakistanın Qazni Laki Marvat şəhərində yerləşən qadınlar və uşaqlar xəstəxanasında 4 nəfər imkansız xəstənin ürəyində cərrahiyyə əməliyyatı, "Edhi Home" xeyriyyə fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlara tibbi baxış keçirilib. Həmçinin 2012-ci il iyunun 14-də, Beynəlxalq donorlar günündə, Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi təqdim olunub. Bununla yanaşı, minlərlə xəstənin müalicəsi üçün maliyyə yardımı edilib. Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və müxtəlif əyalətlərdə əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunub, həmçinin humanitar tədbirlər keçirilib, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilib, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb. Həmçinin Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən "Al-Farabi" Əlillər Evinə 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatlar hədiyyə edilib.

Fondun təhsil, səhiyyə, ekoloji sahələrdəki layihələri humanizm, mərhəmət və xeyirxah əməllərin göstəricisidir. Qeyd edək ki, Fond koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb. Bundan başqa, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb.

Şübhəsiz ki, atılan bütün addımlar uşaqlarımızın inkişafı, müasir beynəlxalq standartlara cavab verən təhsil, səhiyyə ocaqları ilə təmin olunması üçün edilir.

Heydər Əliyev Fondu bir-birindən dəyərli layihələri ilə bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirərək hər kəsin ümid yeri olacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".