Hədəfimiz: minasız Qarabağ
Digər xəbərlər

Hədəfimiz: minasız Qarabağ

Son günlərdə Ermənistanın təxribatları durmadan artır. Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Onlar itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldədüzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Eyni zamanda sentyabrın 10-u saat 13:30 radələrində Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. Qeyd edək ki, 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib ki, 1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub.

Məlum olduğu kimi, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq qanunsuz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb.

Hələ də bu ərazilərdə piyada əleyhinə minalar yerləşdirməkdə davam edir. Ermənistan bütün razılaşmalara baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, Azərbaycan dövləti isə ərazilərin minalardan təmizlənməsi üçün külli miqdarda maliyyə ayırır.

İşğalçı, separatçı dövlət kimi tarixin qara səhifələrinə düşən Ermənistanın atdığı bu kimi bütün addımlar beynəlxalaq hüquqa ziddir. Nəzərə almaq lazımdır ki, 10 oktyabr 1980-ci ildə BMT çərçivəsində "Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" Konvensiya (I, II və III saylı Protokollar daxil omaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində "Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" Konvensiya qəbul olunub. Ermənistan bu konvensiyaları imzalamasa da, qeyd edilən hər iki konvensiyanın beynəlxalq hüquqa əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidir.

Eyni zamanda, 12 avqust 1949-cu il tar

ixli Cenevrə konvensiyalarına "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq şəkildə özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayiş etdirir. Azərbaycan Ermənistanın törətdiyi mina terroru, təbiətə, tarixi və mədəni irsə, insanlığa qarşı cinayətləri, eyni zamanda hərbi provokasiyaları barədə faktları beynəlxalq birliyə, BMT-yə çatdırır. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Azərbaycana gətirilməsi və burada basdırılmasından irəli gələn problemlər 12 beynəlxalq qurumun diqqətinə çatdırılmışdır. Lakin hələ də demək olar ki, heç bir reaksiya yoxdur. Buna baxmayaraq, dövlətimiz haqqını, hüququnu beynəlxalq hüquqa əsaslanaraq və beynəlxalq ictimaiyyətin dəstəyini alaraq həyata keçirir. Azərbaycan sülh səylərini davam etdirməklə yanaşı, "dəmir yumruğu" da daim hazır vəziyyətdə saxlayır.

Nuranə DAXİLQIZI,

"Respublika".