HAYLARIN YENI
Digər xəbərlər

HAYLARIN YENI "BOZ" PLANI

Hayların və havadarlarının regionda "boz zona" formalaşdırmaq arzuları iflasa məhkumdur. "Boz zona" əsasən iki region və ya dövlət arasında bufer funksiyasını daşıyır və iki ərazini ayrı saxlamaq məqsədinə xidmət edir. Digər tərəfdən, "boz zona"lar  üçüncü, hətta dördüncü tərəflərin maraqlarının sözügedən ərazidə reallığa çevrilə bilməsini də özündə ehtiva edir. Yəni haylar bir növ yeni oyunçuları bölgəyə cəlb etməyin "asan" yolunu tapıb.  Beləliklə, bu gün Qarabağda separatizmin ömrünü uzadaraq sülhə, reinteqrasiyaya, delimitasiya və demarkasiyaya əngəl olan dövlətlər və ya qüvvələr bu "boz zona"nın formalaşmasına əsaslı dəstək verirlər. Başqa sözlə, onlar öz maraqları naminə separatizmi dəstəkləyir, beynəlxalq hüquqazidd mövqe tuturlar.

Siyasi-hərbi məzmunda "boz zona" nə anlama gəlir? - Bu, o deməkdir ki, şəhər (ərazi) qarşı tərəflərin heç birinin tam nəzarətində deyil, burada konkret cəbhə xətti yoxdur və "bufer bölgə" mövcuddur. "Boz zona"nın tibbi baxımdan da özünəxas məzmunu var. Sadalananların heç biri qəti şəkildə vahid bir düstur deyil. Dəqiq ad verilməsi isə qeyri-mümkündür.

30 illik işğal dönəmində "bufer bölgə", "təmas xətti", "status-kvo" kimi vaxtuzatma cəhdlərinə şahid olmuşuq.  44 günlük müharibədə yaranan yeni reallıqlara uyğun olaraq qüdrətli Azərbaycan dövləti bu kimi ifadələri öz suveren ərazilərindən tarixin qaranlıq səhifələrinə göndərdi. Qalib dövlət olaraq bu kimi ifadələr heç bir zaman qəbul edilmir və edilməyəcək.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycan öz ərazilərində heç bir "boz zona"nın mövcudluğu ilə barışmayacaq: "İndiyə qədər mövcud olan və separatçıların da özlərini kifayət qədər komfort şəkildə hiss etdikləri "boz zona"nın qapısı bu ilin 23 aprel tarixindən artıq Laçın sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlanıb və həmin o "boz zona"da Azərbaycan hakimiyyətinin bərpa olunması da çox yaxın bir müddətdə həyata keçiriləcək.

"Boz zona" sözünü müharibə və sülh arasında olan nəzarətsiz bir ərazi kimi dəyərləndirə bilərik. Bu zonalar, adətən böyük və qlobal güclər tərəfindən nisbətən zəif ölkələrin ərazisində yaradılır ki, bu yerdən öz fəaliyyətləri üçün istifadə etsinlər.  Müasir dövrdə isə "boz zona"lar məcburi çəkindirmə elementi kimi istifadə oluna bilər və yaxud da onlar müasir texnologiyalara əsaslanan hibrid müharibələrin tərkib hissəsi kimi çıxış edirlər.

Dünyanın bir çox yerlərində "boz zona" konsepsiyaları tətbiq olunur. Məsələn, Rusiya və Ukraynanın cənub şərqində, Orta və Yaxın Şərqdə, İran və İraq ərazisində, Suriyada, Livanda belə boz ərazilər bu gün də mövcuddur. Lakin sözügedən məsələnin Azərbaycana heç bir dəxli yoxdur. Ermənilərin qəsbkarlıqla yiyələndikləri bu torpaqlarda bu gün "boz zona" kimi ifadələrin səsləndirilməsi növbəti riyakarlıqdır. Artıq dalana sıxışan erməni siyasi hakimiyyətinin təxribat maşını bu istiqamətdə fəaliyyət göstərir. Bunu regional oyunçular olduqca yaxşı anlayır. Lakin məsələyə beynəlxalq çərçivədə qiymət verilərkən nəzərə alınmalıdır ki, əzəli və əbədi ərazilərimizdə bütün qanuni və hüququ proseslər Azərbaycan qanunvericiliyi əsasında reallaşır və reallaşacaq".

N.ETİBAROĞLU,

"Respublika".