HAYLAR YENI
Digər xəbərlər

HAYLAR YENI "AĞA" AXTARIŞINDA

Ermənistanın beynəlxalq arenadakı rəzilliyi ölkəni uçuruma sürükləyib. Ard-arda törətdiyi təxribatlarla, bir-birini təkzib edən bəyanatlarla gündəmə gəlmək düşməni çıxılmaz labirintə salıb, mənfur haylar nizam-tərəzini itirib. Görünür, Ermənistan hakimiyyəti artıq hansı tərəfə üz tutacağını bilmir. Hayastanın Qərb ilə Rusiya arasındakı gəl-getləri onun vassal dövlət kimi formalaşdığını bir daha təsdiqləyir.

İkinci Qarabağ savaşından sonra Ermənistanın Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşmişdi. Daha dəqiq desək, müharibə zamanı gözlədiyi yardımla bağlı ümidləri puça çıxan haylar Moskvadan üz çevirmişdi. Amma ölkənin səriştəsiz hakimiyyəti bunun Hayastanı necə sarsıdacağı barədə düşünməyib. Siyasətdən anlayışı olmayan Paşinyan bu cür addım atmaqla ölkəsini təhlükə altında qoyub. Hayastan müxalifəti isə küçədən hakimiyyətə gətirilmiş Nikoldan daha ağıllıdır. Belə ki, Ermənistan parlament fraksiyasının deputatı Artur Xaçaturyan Rusiya ilə münasibətlərin korlanmasının ölkə üçün riskli olduğunu qeyd edir. Paşinyan hakimiyyətinin mövcud reallıqları xalqdan gizlətdiyi hər kəsə məlumdur.

Rəsmi İrəvanın Moskva ilə münasibətlərdəki gərginliyinin başlıca səbəbi Ermənistanın xarici siyasət vektorunun dəyişməsidir. Həmçinin Ermənistanın rəsmi şəxsləri də açıq şəkildə Rusiya əleyhinə fikirlər səsləndirirlər ki, bu da iki ölkə arasındakı soyuq küləkləri gücləndirir. Məsələn, Ermənistanın "Mülki Müqavilə" parlament fraksiyasından olan deputat Qaqik Melkonyan sentyabrın 11-də parlamentdəki brifinq zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanı məhvə sürükləmək istədiyini deyib. O, Lavrovun fəaliyyətini də sorğulayıb. Melkonyanın Rusiyanın Ermənistanın yerinə "düşündüyünü", "qərar verdiyini" deməsi hayların "ağa"larının üzünə ağ olduğunun təzahürüdür. Melkonyanın nitqində digər diqqətçəkən məqamlardan biri isə Ermənistanın Avropa ölkələri, Hindistan, ABŞ, İranın timsalında özünə yeni "müttəfiqlər" axtarmasının vacibliyini vurğulamasıdır. Erməni deputat, həmçinin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyin mənasız olduğunu da diqqətə çatdırıb. Son zamanlarda Ermənistanın KTMT-dən çıxmaq istəyi ilə bağlı xəbərlər, eləcə də qurumun təlimlərinə qoşulmaqdan imtina etməsi də məlumdur.

Rusiyadan umduğunu ala bilməyən haylar Moskvanı qıcıqlandırmaq istiqamətində addımlar atırlar. Belə ki, Paşinyan hakimiyyəti bu dəfə ABŞ-a yönəlməklə onun qanadının altına sığına biləcəyini düşünür. Əslində, Ermənistan bununla Rusiyanı əvəzləyəcək qüvvə axtarır, Kremldən uzaqlaşmaq məqsədilə siyasi manevrlərə əl atır. Qərb qonşumuz utanmadan müxtəlif bəhanələr gətirərək "suyu bulandıran" bəyanatlar verir. Ermənistan tərəfinin bu cür addımlarından bəlli olur ki, onlar təkcə ölkə daxilində deyil, eləcə də regiondakı mövcud reallıqlara da mənfi təsir göstərir, sabitliyə təhdid yaradırlar.

Ermənistan Rusiya və ABŞ-ın Cənubi Qafqazda maraqlarını toqquşmasından istifadə edərək özlərinə yeni dost, arxa və havadar axtarır. Bütün bunlar bir daha Ermənistanın təkbaşına nəyisə etməyə qadir olmadığını açıq şəkildə təsdiqləyir. Doğrudan da tarixə nəzər yetirsək, görərik ki, Hayastan əsla sərbəst olmayıb, hər zaman himayəyə ehtiyac duyub. Paşinyan hakimiyyətinin bu cür addımlarından Ermənistan cəmiyyəti də çaşqınlıq içindədir.

Nəzrin ELDARQIZI,

"Respublika".