Cəlladların simasını heç zaman unutmayacağıq
Digər xəbərlər

Cəlladların simasını heç zaman unutmayacağıq

Qan yaddaşımız olan Xocalı soyqırımı erməni vandallığının bariz nümunələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhalimizə qarşı soyqırımı törətmişdir.

Soyqırımı, bəşəriyyətin insanlığa sığmayan vandalizm aktıdır. Sağalmayan yarasıdır. Bu cür dəhşətli faciələri törədən hayların xalqımıza qənim kəsilməsini heç bir zaman unutmayacağıq. Lakin heç bir cinayət cəzasız qalmır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə qarşı əsaslı mövqe sərgiləməlidir.

409 nəfər əhalisi olan Meşəli kəndinin işğalı zamanı 25 nəfər amansızcasına qətlə yetirilmişdir. Ermənilər kəndi dörd tərəfdən mühasirəyə almış, kəndin kənarında yerləşən evlərə və tövlələrə insanlar yatdığı yerdə od vurub yandırdıqdan sonra hadisədən xəbər tutan əhali gülləbaran edilmişdir. Qələbə Həsənalı qızı HumbƏtova da Meşəli kənd sakinidir. O, erməni vəhşiliyini belə xatırlayır:

"Bizim evimiz Meşəli kəndinin girişində idi. Gecə düşmüşdü, tövlələri, evləri od vurub yandırdılar. Ailəmlə birgə nə baş verdiyini bilmək üçün qapıya çıxdıq. Kəndimizin kişiləri vəziyyətdən agah olandan sonra bir yerə toplaşıb onlarla mübarizə aparmaq istədilər. Amma əliyalın idilər. O vaxt qızlarım şəhərdə universitetdə oxuyurdular. Qarlı-şaxtalı havada yanımda olan təkcə 6 yaşlı balaca oğlum Elməddin var idi. Tez bir zamanda bizi kəndlilərlə birlikdə məktəb binasına apardılar. Lakin bu, çıxış yolu deyildi. Biz görürdük ki, canını qurtarmaq istəyən gəncləri, uşaqları - hamını öldürürdülər. 17 yaşlı Məzahir adında tələbə var idi. O, məktəbə tərəf qaçan zaman öldürüldü. Meşəlinin hər tərəfindən gecə boyu ermənilər axın edirdi. Artıq anlamışdıq ki, onlar bizim torpaqlarımıza yiyələnmək üçün bu qədər çox gəliblər.

Xocalı və ətraf kəndlərdən köməyə gələnlərin hesabına həyatda qala bildik. Ermənilər bizi kəndin əsas yoluna tərəf qovdular. Yolboyu ölən qonşularımı, dostlarımı görürdüm. Arxamızdan isə vəfat edənləri yük maşınına dolduran ermənilər gəlirdilər. Ayağım sınmışdı, şəhər polisi və ailəvi dostumuz olan Hidayət müəllim bizi oradan çıxardı, bir müddət sonra xəbər aldıq ki, o da öldürülüb. Ən dəhşətlisi, bizim ailə faciəmiz - yoldaşımın qətlə yetirilməsi idi. O, iki yerdən güllə yarası alaraq erməni vəhşiləri tərəfindən öldürüldü.

Saxlanılan Vaqif Xaçaturyanı görən kimi tanıdım. O, tək deyildi, həmin vaxt evimizin ətrafında 4 erməni silahlısı var idi ki, onları da tanıyırdım. Vaqif, Şurik və Armaris bunlar bizim kənd adamları kimi idilər. Bizim üzümüzə gülən cəlladların simasını heç bir zaman unutmayacağam".

Nurlan ABDALOV,

 "Respublika".