Hayastanda yeni xaos, anarxiya, qarşıdurma
Gündəm

Hayastanda yeni xaos, anarxiya, qarşıdurma

Azərbaycan Ordusunun keçirdiyi uğurlu lokal hərbi tədbirlər Ermənistanda baş nazir Paşinyan əleyhinə etiraz dalğasının yenidən alovlanmasına səbəb olub. Sentyabrın 19-u axşam saatlarından bəri davam edən nümayişlərdə Respublika meydanında toplaşan etirazçılar Paşinyanın istefasını tələb edirlər. Aksiyaya "Hayastan" fraksiyasının keçmiş deputatı, "Ana Ermənistan" blokundan seçkilərə namizəd Andranik Tevonyan rəhbərlik edir. Nümayişçilər "Nikol satqın" şüarını səsləndirir və mövcud vəziyyətin baş nazirin siyasətinin nəticəsi olduğunu bildirirlər.

Hazırda hökumət binasını qoruyan polislərin sayı artırılıb, tikilinin üzərinə snayperlər yerləşdirilib. Polis qüvvələri aksiya iştirakçılarına qarşı səs qumbarası da tətbiq edib. Nümayişçilər polis və hökumət binasına yumurta, daş atmağa başlayıblar. Hərbi panteonun ərazisində isə erməni deputatlarla müharibədə ölən hərbçilərin yaxınları arasında dava düşüb. Həyatını itirən əsgərlərin yaxınları Mülki Müqavilə Partiyasından olan deputatların qarşısını kəsib, hətta onlardan birinə şiddət tətbiq ediblər. Ekspertlərin fikrincə, İrəvanda baş verən son proseslər ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir. Bunun fonunda müxalif partiyaların nümayəndələri Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altına düşə biləcəyi barədə həyəcan təbili çalırlar. Onlar bildirirlər ki, hakim administrasiyanın siyasəti ucbatından hazırda Ermənistanda "suverenlik" və "dövlətçilik" anlayışları tarixi minimuma çatıb. Paşinyan hökuməti iqtidarda qalmaqda davam edərsə, Ermənistan hətta formal mənada dövlət olmaqdan çıxacaq. Digər tərəfdən, hökumət qərarlarını erməni xalqının deyil, Paşinyanın nüfuzunu itirmiş klanının maraqlarını rəhbər tutaraq verir. Xüsusilə son aylarda təhlükəsizlik və xarici siyasət sahələrində qəbul edilən ən mühüm qərarlar erməni xalqının maraqlarına ziddir.

Etirazların qızğın vaxtında bunkerdə gizləndiyi iddia olunan baş nazir Nikol Paşinyanın bir neçə tərəfdarı ilə görüşdüyü məlum olub. "Hraparak" nəşrinin yaydığı məlumata görə, o, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun hakimiyyətini saxlayacaq. Əslində, Baş nazirin bu ambisiyası İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadəsini izah edir. Amma görünür, Paşinyan bu sərt tədbirlərin kifayət edəcəyini düşünmür. Buna görə də hakimiyyətdən getməmək üçün günahı başqalarının üstünə atmaq istəyir. İqtidar təmsilçisi hazırda ölkədə sistemli şəkildə anti-Rusiya meyillərinin gücləndiyini də bilir. Buna görə o, hazırkı situasiyadan Robert Köçəryan və digərlərini sıradan çıxarmaq üçün istifadə etməyə çalışır. Əgər Paşinyan bu narrativi öz xalqına yeritməyi bacarsa, onda hakimiyyətini saxlayacaq.

Amma Paşinyanın öz iqtidarını qorumaq üçün atdığı bu addım Köçəryan-Sarkisyan cütlüyünün Rusiya hərbi-siyasi dairələri ilə yaratdığı ittifaqın yenidən ortaya çıxması ehtimalını artırır. Hətta artıq Köçəryan cəbhəsindən bu mesajlar verilir. Ermənistan mediasında sabiq Prezidentin İrəvanda hakimiyyəti dəyişmək cəhdlərinə başçılıq edəcəyi yazılır. Rusiya elitasına yaxın adamlardan biri hesab olunan Robert Köçəryanın Nikol Paşinyana qarşı mübarizənin əsas liderlərindən biri olduğunu nəzərə alsaq, İrəvanda baş verənlərə müxtəlif hərbi-siyasi dairələrin də müdaxilə etdiyini deyə bilərik. Bununla belə, nəzərə almaq lazımdır ki, Köçəryanın baş naziri devirməsi üçün təkcə xarici qüvvələrin dəstəyini alması kifayət deyil. Sabiq Prezidentin Ermənistanın hərbi strukturlarında müəyyən gücü olsa da, o, Paşinyanın istefasını təmin etmək üçün İrəvan küçələrinə 50-60 min insan çıxarmalıdır. İndiki situasiyada isə görünən odur ki, hələlik Paşinyan hökumətinin devrilməsi üçün real şərtlər formalaşmayıb. İrəvan meriyasına keçirilən seçki də bunu bir daha sübut etdi. Seçkidə rekord dərəcədə az iştirakçı fəallığı müşahidə olunsa da, hakim "Mülki Müqavilə" Partiyası "Pirr qələbəsi" qazandı. Bu, bir daha göstərdi ki, Paşinyanın mövqeləri zəifləsə də, o, rəqiblərindən daha çox seçici etimadına sahibdir.

Bununla belə vurğulamaq lazımdır ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi dəyişməyəcək. Rəsmi Bakının gözləntisi odur ki, Ermənistanda sabit və sivil hakimiyyət formalaşsın və bu iqtidarla sülh müqaviləsi imzalansın.

 

Jalə QASIMZADƏ,

"Respublika".