Hay utopiyasında destruktivlik hökm sürür
Siyasət

Hay utopiyasında destruktivlik hökm sürür

Rəsmi İrəvan sülh prosesindən getdikcə uzaqlaşır. Xüsusilə postmüharibə dövründə düşmən tərəf verilən vədlərə xilaf çıxır. Ermənistan şərti sərhəddə törətdiyi təxribatlarla hərbi-siyasi elitanın revanşist mövqeyini ortaya qoyur. "Hay utopiyası"nda destruktivlik dalğası hökm sürür ki, bu da dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər. Dünən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

İstər baş nazir Nikol Paşinyanın, istərsə də Ermənistan parlamentinin hələ də xəbis xülyalardan oyanmadığı müşahidə edilir. Qərb bloku və rəsmi Vaşinqtonun regiona neqativ təsirləri fonunda hayların şirnikləndirilməsi - hərbi-iqtisadi dəstəyin intensivliyi Ermənistanı eyforiyaya sürükləyir. Məhz bu dəstəyə görə aqressor Cənubi Qafqazda terrorçuluq fəaliyyətini gücləndirir. Paşinyan rejimi beynəlxalq görüşlərdə özlərini nə qədər sülh tərəfdarı kimi qələmə versələr də, təxribatların ardı-arası kəsilmir. Əslində Ermənistan tərəfi bununla beynəlxalq hüququ, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəlikləri ciddi şəkildə pozur. Sözügedən təxribat cəhdləri düşmən tərəfin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışdığını göstərir və bununla yanaşı, Böyük Qayıdış proqramının icrasını çətinləşdirir. Haylar regionda ədalətli və dayanıqlı sülhün bərqərar olmasına ciddi əngəl yaradırlar. Ermənistan tərəfi bu təxribatlarla fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Bütün bunlar bir daha deməyə əsas verir ki, işğalçı ölkənin niyyəti sülhdən boyun qaçırmaqla regionda öz çirkin əməllərini reallaşdırmaqdır.

Reallıq bundan ibarətdir ki, Ermənistanda bu günə qədər mövcud olmuş hakim qüvvələr eyni ritorikanı qoruyub saxlayırlar. Xüsusilə daxili çaxnaşmalar zamanı şərti sərhəddə təxribatlar buna xidmət edir. Eyni zamanda hayların Nikol Paşinyana qarşı üsyanları artmaqdadır. Baş nazir öz hakimiyyətinin ömrünü uzatmaq üçün sülh sazişindən imtina edir və təxribatlar həyata keçirərək revanşist hayları yeni müharibə üçün ümidləndirir. Digər tərəfdən məlumdur ki, beynəlxalq hüququn sayğacı rəsmi İrəvanda dondurulub. Ermənistan üçün heç bir beynəlxalq hüquq norması, qadağa yoxdur. Buna 30 il boyunca səssiz qalan "ədalət qoruyucuları"nın səriştəsizliyi əyani misaldır. 5 aprel görüşündən sonra Ermənistan kollektiv Qərbin "isti" münasibəti ilə öz məkrli niyyətini həyata keçirməyə çalışır.

5 aprel görüşünün mənfi təsirləri artıq şərti sərhəddə özünü göstərir. Məhz görüş keçirilməzdən əvvəl də rəsmi İrəvanın təxribatları intensivləşdirdiyi müşahidə olunurdu. Atəşkəsin pozulması faktı, Naxçıvanla şərti sərhəddə ordu yığılması və istehkamlar qurulması buna əyani sübutdur. Qeyd etmək lazımdır ki, atəşkəsin pozulması faktoruna münasibət bildirən rəsmi İrəvan bu hadisənin nəzarətdənkənar baş verdiyini bildirərək məsuliyyəti boynundan atıb. Əlbəttə ki, Naxçıvanla şərti sərhəddə baş verən təxribatın sifarişçiləri beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Xüsusilə aprelin 5-də Brüsseldə keçirilən konfransın pərdəarxasında və beynəlxalq ictimaiyyətə verilən açıqlamalarda da göründüyü kimi, haylar məhz bu kimi dividendlərə arxalanır. Ermənistan ABŞ və Avropa Birliyindən aldığı müəyyən vədlərlə regional destabilliyi qorumağa çalışır. Halbuki görüşdən öncə ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen rəsmi Bakının "başının altına yastıq" qoymaq istəyirdilər ki, öz maraqlarını həyata keçirə bilsinlər. Bununla yanaşı, Brüsseldə keçirilən görüş heç də bildirildiyi kimi təkcə iqtisadi məsələlərə həsr edilməyib. Xüsusilə ABŞ-ın Ermənistan üçün yeni hərbi doktrina hazırlanması ətrafında səyləri daha da intensivləşib. Qeyd edək ki, mövcud plana əsasən Ermənistanın milli təhlükəsizlik məsələləri çərçivəsində rəsmi Vaşinqton əsaslı "yardım" paketi hazırlayıb. Ağ ev həmçinin Ermənistanın qabaqcıl hərbi texnikaları və yeni texnologiyaları əldə etməsi üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti proqramını daha əlverişli edəcək. Əlbəttə ki, "qrant" vəsaiti adı altında hayların dirçəldilməsi məsələsi məhz bu proqram vasitəsilə reallaşdırılacaq. "Özünümüdafiə" adı altında haylara dəstək verən ABŞ-ın fəaliyyəti bununla da bitmir. Belə ki, Ermənistan ordusunun nizami qaydaya salınması üçün ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı tətbiq ediləcək. Yəni haylar ABŞ hərbi akademiyalarında təlim keçmək imkanı qazanacaq.

ABŞ-ın dəstəyinə paralel olaraq Avropanın da Ermənistan üçün yeni planları var. Rəsmi İrəvanın NATO ilə tərəfdaşlığının genişləndirilməsi nəzərdə tutulur ki, bu da Fərdi Tərəfdaşlıq Proqramı (PARP) və Əməliyyat İmkanları Konsepsiyasını (OCC)  gündəmə gətirir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı istənilən təhdidlərə layiqli cavab vermək gücündədir. Unudulmamalıdır ki, qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib. Ordumuz bunu antiterror tədbirləri ilə bir daha sübut etmişdir. Ölkəmiz bu gün həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən bölgənin lideridir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən anlaşılmalıdır. Artıq ikili standartlar və anti-Azərbaycan mövqeyi Ermənistana kömək edə bilməyəcək. Haylar üçün ən yaxşı çıxış yolu bütün hərbi-siyasi təxribatlara son qoyaraq Azərbaycanla sülh sazişini imzalamaqdır.

Nurlan ABDALOV,

"Respublika".