Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş
Digər xəbərlər

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. O, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini qeyd edib.

Həmçinin Baş prokuror dövlətimizin başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli Sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Vüqar Quliyev, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Neymət Məmmədov, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Abdulla Məmmədov və Mikayıl Məmmədzadə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilmiş İlham Cəfərzadəyə Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Baş prokuror hakim təyin edilmiş prokurorluq işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb səmimi söhbətlər edib.

Ülvi QARAYEV,

“Respublika”.