Günəş yenidən doğdu
Sosial həyat

Günəş yenidən doğdu

Atəş açılır, qışqırıqlar eşidilir, insanların fəryadı ətrafı bürüyür. Həyəcanla pəncərəyə doğru gedirsən. Gördüyünüz mənzərə qarşısında donub qalırsınız. Doğulub-böyüdüyünüz, həyət-bacada oyunlar oynadığınız kəndiniz od tutub yanır, tüstüsü göylərə bülənd olub, qara buludlar kimi. Hələ nəyin baş verdiyini tam anlamadan ananız gəlir və sizi qucağına alıb özünü çölə atır. Hava çox soyuqdur. Çünki hələ fevraldı və qış bitməyib. Qaranlıq gecədə təhlükəli yollarla meşənin içində digər istiqamətə doğru getməyə məcbur olursunuz. Ayağınız donub, artıq heç nə hiss edilmir. Atəş səsləri isə yaxınlıqdan gəlir. Gah uzaqda, gah da yaxında. Həyat bir gecədə alt-üst olur.

Bütün bunlar hansısa kitabdan, kinodan bir parça deyil, heç yuxu da deyil. Bu ağrılı xatirələr minlərlə vətəndaşımızın yaddaşına həkk olmuş vahiməli və faciəli günlərin dəhşətli xronikasıdır. Xocalı sakinləri 1992-ci ilin fevralından sonra bir çox yaxınlarını, öz doğma torpaqlarını bir də görə bilmədi. Heç tanımadığı evlərə sığınıb, heç öyrəşmədikləri yerlərdə məskunlaşmağa çalışdılar. 32 il müddətində özlərinə yenidən həyat qurmalı, iş tapmalı və güclü olmağa çalışdılar. Nə qədər qayğı və diqqət olsa da, insanın doğma torpaqlarına olan həsrətinin yarasını heç nə sağalda bilmir.

Budur işıqlar yenidən yanır, 32 illik tərs həyat qayıdışa çevrilir. Həsrətin son zəngləri çalındı, xocalılılar öz yurdlarına ayaq basdılar. Fevralın 26-da soyqırımının ildönümündə Prezident İlham Əliyev Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoydu və rayon sakinləri ilə görüşdü. Bu görüş özü də tarixi bir hadisə idi. Çünki ölkə olaraq ilk dəfə idi ki, tam suveren formada Xocalı soyqırımının anım tədbirini günahsız soydaşlarımızın qanı ilə yoğrulmuş həmin torpaqlarda keçirdik. Dövlətimizin başçısı bildirdi ki, əslində layihə illərdir hazır imiş. Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer alacaqmış. Lakin hər bir azərbaycanlıda olduğu kimi, "bir gün qayıdacağıq" hissi hər il layihənin təməlqoyma mərasimini təxirə salırdı. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdırlar. Cari ildə həmin yaşayış məntəqələrinin sayı 20-yə çatdırılacaq. Bu il Xocalı ilə yanaşı, Xankəndidə də həyat bərpa ediləcək. Prezident İlham Əliyev Xocalı sakinləri ilə həmsöhbət olub, onların ağrılı xatirələrini dinləyib.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, Xocalıdakı keçmiş həyat barədə faktlar yer alacaq. Bütün bunlarla yanaşı, Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər burada soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Həmçinin memorialda faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".