Güclü dövlət formulu
Siyasət

Güclü dövlət formulu

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadi dayanıqlılığın təmin olunmasına, regionların inkişafına və strateji hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verir. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində dünya birliyində mövqeləri güclənir, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənir.

Ölkəmizin inkişaf edən, şaxələnən iqtisadiyyatı artıq beynəlxalq maliyyə təşkilatlarının və reytinq agentliklərinin də diqqətini cəlb edir. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir sıra təşkilatların reytinq cədvəllərində Azərbaycanın adı birincilər sırasında çəkilir.

İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyev bildirib ki, iqtisadi və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və biz bunu Azərbaycanın timsalında görürük.

Bu gün iqtisadiyyatda əldə edilmiş inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni modernləşmə mərhələsinə qədəm qoyub.

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Bu baxımdan, Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında ölkə başçısının iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynayır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsinə nail olmaq üçün Dövlət proqramları qəbul olunmuşdur. Ən əsası, Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. 44 günlük Vətən müharibəsi ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qüdrətli dövlət olduğunu bir daha təsdiq etdi. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.

Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticari əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan ölkəmizin qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Bununla yanaşı, Azərbaycan dövləti dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan Azərbaycan çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısının qeyd etdiyi kimi, strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu layihələr Azərbaycan, Türkiyə, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Eləcə də, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.

Azərbaycanın həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Ölkənin durmadan artan maliyyə imkanları hesabına beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələr uğurla həyata keçirilir ki, bu da bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Azərbaycanda nəqliyyatın bütün sahələri mövcuddur və bura dəmir yolu, su, avtomobil, hava nəqliyyatı daxildir. Uzaq məsafələrə daşınan yüklər və sərnişinlər dəmir, dəniz və hava yolu orta və qısa məsafələrə isə avtomobil nəqliyyatı ilə aparılır. Yolların kəsişdiyi yerlərdə nəqliyyat qovşaqları yaranır. Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır. Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələr, sosial proqramlar yüksək səviyyədə reallaşdırılır, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilir. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.

Ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırıb. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabətqabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilib. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.

Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. Bütün bu layihələrin həyata keçirilməsi, investisiyaların yatırılmasının əsas səbəbi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir.

Mustafa KAMAL,

"Respublika".