Gücə güc qatan qardaşlıq
Siyasət

Gücə güc qatan qardaşlıq

Tarixinin ən uğurlu çağını yaşayan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü inkişafında, hazırkı dövlət başçılarının müstəsna xidmətlərinin olması danılmaz faktdır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı olaraq bir-birilərinə "qardaşım" deyə xitab etmələri liderlərin arasındakı səmimi dostluqdan xəbər verir və hər keçən gün bu dostluğun və qardaşlığın daha da möhkəmləndiyinin şahidi oluruq.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə çətin sınaqlardan üzüağ çıxan hər iki xalq "bir millət, iki dövlət" tezisinin təkcə sözdə deyil, əməldə də olduğunu göstərib. Bunun bariz nümunəsini İkinci Qarabağ müharibəsi və bundan sonra Türkiyədə baş vermiş təbii fəlakətlərdə aydın şəkildə görə bilmişik. Bundan başqa hər iki ölkə rəhbərinin intensiv olaraq qarşılıqlı görüşlər həyata keçirməsi xalqlarımız arasındakı bağları gücləndirən əsas amillərdən biridir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də ölkəmizə rəsmi səfər etməsi bir sıra tarixi məqamlarla yadda qaldı. Belə ki, həmin gün Azərbaycan və Türkiyə liderləri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər və daha sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzaladılar. Həmçinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak ediblər.

Dövlət başçıları mətbuat bəyanatlarında da bir-birlərinə dəstək nümayiş etdirib və bildiriblər ki, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir. Prezident İlham Əliyev R.T.Ərdoğanın BMT-nin Baş Assambleyasındakı iştirakında Azərbaycanın dövlət maraqlarını müdafiə etməsini yüksək qiymətləndirib və İkinci Qarabağ müharibəsində və antiterror tədbirlərinin keçirildiyi ərəfədə ölkəmizə verdiyi dəstəyin önəmindən bəhs edib.

Qeyd edək ki, Vətən müharibəsində Türkiyə kimi qlobal gücün Azərbaycanın yanında yer alması olduqca əhəmiyyətli hadisə idi. İlk gündən etibarən "Azərbaycan nə desə, hara kimi getsə, biz də onlarla bərabərik" söyləməsi müharibənin 44 gündə başa çatmasında həlledici rol oynadı. Bu sözlər digər ölkələrin bu müharibəyə müdaxiləsinin qarşısını kəsdi. Türkiyə dövləti, xalqı və Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğanın bu məsələdə qəti və prinsipial mövqe nümayiş etdirməsi təqdirəlayiq idi. Heç kim dünyanın ən qüdrətli, güclü ölkələrindən olan, tarixdə heç bir zaman müstəmləkə həyatı yaşamayan əzəmətli Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədi.

Digər bir vacib məqam isə Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən sonra tariximizə daha bir önəmli hadisənin əlavə olunmasıdır. Bu, 2021-ci il də Qarabağın tacı, Zəfərimizin zirvəsi olan Şuşa şəhərində iki dost və qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsdir. Azərbaycan və Türkiyə bütün beynəlxalq sənədlərə, habelə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək rəsmən müttəfiqlik haqqında bəyannamə imzaladılar. Bu Saziş ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsində mühüm əhəmiyyət kəsb edir və bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında ciddi rol oynayır.

Azərbaycan da öz növbəsində Türkiyənin başına gələn müsibətlərin aradan qaldırılmasında hər zaman izləyici deyil, iştirakçı mövqe ortaya qoyub. Bu il fevralın 6-da Türkiyə son 100 ilin ən ağır fəlakəti ilə üz-üzə qaldı. Qardaş ölkədə baş verən dağıdıcı təbii fəlakət nəticəsində yüz minlərlə insan evindən-eşiyindən didərgin düşdü, çox sayda vətəndaş həyata gözlərini yumdu. Hadisənin ilk dəqiqələrindən etibarən Prezident İlham Əliyev və Azərbaycan xalqı tam dəstək göstərərək qardaş ölkənin yanında olduğunu bildirdi. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu.

Burada xüsusi vurğulanmalı digər məqam odur ki, həmin ərəfədə Şuşada keçirilməsi təsdiq olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Fövqəladə toplantısını keçirdi. Qardaş ölkənin düşdüyü ağır durum TDT-nin Fövqəladə iclasında ön plana çıxarıldı və bunun həll yolları müzakirə edildi. Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsünə görə dövlət başçımıza təşəkkürünü bildirdi. Dövlətimizin Türkiyəyə olan dəstəyi bununla bitmədi. Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" Beynəlxalq Donorlar Konfransında Türkiyə hökumətinə və Türkiyə xalqına maddi dəstək olaraq 100 milyon dollar ayırdı. Həmçinin cari ildə İstanbulda keçirilən "TEKNOFEST" festivalı çərçivəsində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan dövlətinin zəlzələ baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməli qoyuldu.

Bu il Türkiyə Cümhuriyyətində keçirilən Prezident seçkiləri bəlkə də ən az Türkiyə qədər Azərbaycanın da marağına səbəb olmuşdu. Xalqımızın böyük qismi Rəcəb Tayyib Ərdoğanın yenidən qalib olmasını arzu edirdi. Nəhayət, mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turunda Azərbaycana böyük məhəbbətlə bağlı olan Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə xalqının etimadını qazandı. Bundan sonra Türkiyə Cümhurbaşqanının ilk dövlət səfərini Şimali Kiprdən sonra Azərbaycana etməsi ölkələrimiz arasındakı sürətli inkişafın gələcək illərdə də eyni templə davam edəcəyinin təsdiqidir.

Musa BAĞIRLI,

"Respublika".