Ənənəvi Bilik günü ərəfəsində bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş Göyçay rayon gənclərinin bir qrupu ilə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Dövlət İmtahan Mərkəzinin regional şöbəsinin və rayon təhsil şöbəsinin nümayəndələri, yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək ümummilli liderin xatirəsini yad ediblər. Şəhidlər Xiyabanında torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı M.Səlimzadə ali məktəbə daxil olan tələbələri əlamətdar gün münasibətilə təbrik edib və Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonun bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılmasından, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib.
Bildirilib ki, 2021-ci ildə keçirilən qəbul imtahanlarında Göyçay rayon məktəblərinin məzunlarından 306 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 5 nəfəri 600 baldan, 41 nəfəri isə 500 baldan yuxarı nəticə göstərərək tələbə adına layiq görülüb. Rayon üzrə ən yüksək nəticəni Bığır kəndi 2 saylı tam orta məktəbin məzunu Ziyəddin İsmayılov göstərib. O, 637 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxışında qeyd edib ki, 2020-ci ildə xalqımız tarixi qələbə dolu şərəfli günlər yaşadı. Müzəffər Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ordumuzun gücü, rəşadəti, şücaəti nəticəsində düşmən layiqli cavabını aldı. 27 sentyabr 2020-ci ildən başlayaraq 10 noyabr 2020-ci il tarixədək davam edən 44 günlük Vətən müharibəsi zamanı şəhidlər də verdik. Qəhrəman Vətən övladlarından 43 nəfəri Göyçayın payına düşdü. Biz bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Bu gün isə həmin şəhidlərimizdən ikisinin bizə əmanət qoyub getdikləri övladları Turqut Zamiq oğlu Əhmədli və Ləman Pərvin qızı Məmmədova ilk dəfə məktəbə yollanırlar. Onların timsalında bütün şagirdləri yeni dərs ili münasibətilə təbrik edirəm.
Çıxışlardan sonra bu il yüksək balla tələbə adını qazanmış Göyçay məktəblərinin məzunlarına rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Yekunda görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ünvanlayıblar.
Maarif RZAYEV,
“Respublika”.