Göstəricilər ürəkaçandır
Region

Göstəricilər ürəkaçandır

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanında ölkədə bu sahənin inkişafı üçün aqrar sektorun qarşısında çox vacib və konkret vəzifələr qoyulub. Bu mövzudan danışarkən dövlət başçısı deyib ki, bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxılın qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq.

Dövlət başçısının tapşırığına əsasən İsmayıllı rayonunda da böyük işlər görülür. Rayonun kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 113973, əkinəyararlı sahələri isə 33523 hektar təşkil edir. Cari ilin məhsulu üçün ötən ilin payızında 31042 hektar, o cümlədən 22495 hektar sahədə buğda, 8547 hektar arpa səpini aparılıb və bu da əvvəlki illə müqayisədə 604 hektar çox olub.

İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev əməkdaşımızla söhbətində bildirib ki, 22495 hektar buğda sahəsinin hər hektarından 37.04 sentner olmaqla 83326 ton, arpa sahəsinin hər hektarından 32.2 sentner olmaqla 26661 ton məhsul biçilib. Ümumilikdə 109987 ton məhsul istehsal edilib. Bu da əvvəlki illə müqayisədə 3569.8 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq ötən illə müqayisədə 0.72 sentner çox olub.

Direktor qeyd edib ki, müvafiq olaraq məhsuldarlıq buğda 0.84 sentner, arpada isə 0.6 sentner çox toplanıb. Bununla yanaşı, digər dənli və dənli paxlalılarda da məhsul istehsalı və məhsuldarlıq artıb. Belə ki, vələmirdə 0.47 sentner, noxudda - 0.31 sentner, yem noxudunda isə 1.63 sentner əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Nikitin adına kolxoz (xatırladaq ki, buradakı kolxozda aqrar islahatlar həyata keçirilməyib) bu il taxılçılıq sahəsində rekorda imza atıb. Belə ki, 2153 hektar buğda əkini sahəsinin hər hektarından 48.4 sentner, 2062 hektar arpa sahəsinin hər hektarından 52.9 sentner məhsuldarlıq əldə edərək ümumilikdə 21325 ton məhsul istehsal edib. Orta məhsuldarlıq isə hektardan 50.59 sentner olub. Bu da əvvəlki illə müqayisədə 18.41 sentner çox olmaqla, 8130 ton məhsul artımı deməkdir.

Rayonun 3866 hektar meyvə və giləmeyvə bağları mövcuddur ki, bunun da 928 hektarı bar verəndir. Ötən il 900 hektar bar verən bağlardan 9586 ton meyvə yığılıb. Hazıradək bağlardan 3056.5 ton meyvə toplanıb və hədəfimiz ötən ildən çox məhsul əldə etməkdir.

Rayonda üzümçülüyün inkişafı istiqamətində görülən işlərə toxunan R.Yəhyayev bildirib ki, rayonun 1096.3 hektar üzüm bağı vardır. Ötən il bar verən 1006 hektar üzümlüklərdən 2711 ton məhsul yığılıb. Hazırda isə tezyetişən sortlar yığımına başlanılıb. Rayon əhalisi həm də tərəvəzçiliklə məşğul olur. Ötən il 753 hektar tərəvəz sahələrindən 7456 ton məhsul toplanıb. Cari ildə 745 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hazıradək 5522 ton məhsul yığılıb.

2021-ci ildə 976 hektar kartof sahələrindən 14611 ton məhsul tədarük olunub. Bu da rayon əhalisinin tələbatından 2 dəfə çoxdur. Cari ildə yenə 726 hektar sahədə kartof əkilib və indiyə qədər 6844 ton məhsul yığılıb.

Rayonda ümumilikdə 80-dən çox parnik təsərrüfatı mövcuddur. Ən böyük parnik təsərrüfatı Diyallı kəndi ərazisində yerləşir. Sahəsi 2 hektardan çoxdur. Burada giləmeyvə (moruq, qarağat) yetişdirilir. Parniklər bazara faraş tərəvəz çıxarılmasına şərait yaradır. Bu sahə ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparılır.

Qeyd olunub ki, 2021-ci və 2022-ci illərdə 15 hektar sahədə tütün əkilmişdir. Ötən il 41.186 ton quru tütün təhvil verilib, hazırda isə yarpaq dərimi aparılır və qurudulur.

Qazanılan nailiyyətlər və yığılan məhsul rayonda aqrar sektor qarşısında qoyulan vəzifələrin uğurla icra olunduğunu təsdiqləyir.

M.NƏRİMANOĞLU,

 "Respublika".