Gənclərimizin uğurları dövlət siyasətinin bəhrəsidir
MÜSAHİBƏLƏR

Gənclərimizin uğurları dövlət siyasətinin bəhrəsidir

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən digər illərdə olduğu kimi, ötən il ərzində də keçirilən tədbirlər dövlət gənclər siyasətinin uğurla icra edilməsi yolunda atılan addımlara bir nümunədir. Rayon ərazisində gənclərin inkişafına, onların tanıdılmasına, istedadlarının müəyyən olunmasına, irəliyə çəkilməsinə yönələn fəaliyyətimiz yüksək nəticələrə gətirib çıxarmışdır.

Azərbaycan dövlətinin və xalqının tarixində dərin kök salan günlərin təntənəli şəkildə qeyd edilməsi və bu münasibətlə tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Belə ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı əyləncəli proqramın təşkil edilməsi, paralel olaraq rayon və kəndlərdə fəaliyyət göstərən gənc müəllimlərlə görüş buna əyani sübutdur. Şəhidlər xiyabanının ziyarət olunması, dəyirmi masa, inşa-yazı, rəsm və şeir müsabiqələri, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə təşkil edilən fləşmob və sənədli filmlərə baxış keçirilməsi də bu qəbildəndir. Mütəmadi olaraq hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə inşa-yazı, rəsm müsabiqələri, ənənə halını alan "Şahin" hərbi idman oyunları üzrə rayon birinciliyi, ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan olunan "Şuşa İli"nə həsr edilmiş "Nə? Harada? Nə zaman?" intellektual yarışı, Müstəqillik Günü münasibətilə fləşmob və inşa-yazı müsabiqəsi təşkil olunub. Gənclər arasında maarifləndirici və təbliğat işləri aparılır, yay ayları ərzində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgələr təşkil edilir. 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin qazilərlə görüşü, Gəncə terrorunun 2-ci ildönümünün yad edilməsi, şəhid məzarlarının ziyarət olunması və rayon şəhidlərinin xatirəsinə həsr olunmuş filmlərə tamaşa gənclərdə vətənpərvərlik ruhunu yüksəldir.

Gənclərimiz zona və respublika yarışlarında qələbə qazanaraq rayonumuzu layiqincə təmsil etmişlər. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asiman Mirzəliyevin "Əlaçı" verilişində öz savadı ilə rekord nəticə göstərməsi İsmayıllı gəncliyinin və təhsilinin uğurlarındandır.

Müxtəlif intellektual yarışlarda iştirak edən İSMA komandası ötən ildə də böyük uğurlara imza atmağı bacardı. Ağır atletika idman növü üzrə keçirilən yarışlarda fəqlənən gənc idmançımız Selcan Qarayeva ötən il 20-23 yaşlı qızlar və oğlanlar arasında Azərbaycan çempionu adını təmin edib. Həmçinin gənc idmançı eyni ildə 17 yaşlı qızlar arasında Azərbaycan birinciliyində qalib olaraq qızıl medala da layiq görülüb.

Digər idmançımız Nuray Şabanlı isə cüdo idman növü üzrə zona birinciliyində rəqiblərinə qalib gələrək I yeri, respublika birinciliyində isə III yeri qazanmışdır.

Gənclər və İdman Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq kollektivimiz tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlərə start verilmişdir. İlin sonunadək mütəmadi tədbir və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Taleh SALEHOV,

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi.