GƏNCƏDƏ SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM TƏDBİR
Region

GƏNCƏDƏ SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM TƏDBİR

Gəncədə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  Müdafiə nazirinin müavini, Quru Qoşunlar komandanı general-leytenant Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki vitse-konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil  və gül dəstələri qoyublar.  Heydər Əliyev Park-Xiyaban Kompleksində, Zəfər Tağının önündə Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar və müxtəlif silahlar olan sərgiyə, baxış keçiriblər.Sonra, Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. Tədbir parkın ərazisində yerləşən Amfiteatrda davam edib. 

Müdafiə nazirinin müavini, Quru Qoşunlar komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəsh edib.Bildirib ki, qısa müddət ərzində bölgənin ən güclü ordusuna çevrilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun formalaşdırılmasında müasir və müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli liderin layiqli varisi  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə hazırda Azərbaycan silahlı qüvvələri dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsi şanlı tarix, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb.

Rəsmi hissədən sonra konsert proqramında GDU-nun nəzdində Gəncə Regional Kollecinin özfəaliyyət kollektivi tərəfindən milli və vətənpərvər ruhda mahnılar səsləndirilib, “Xəmsə” uşaq mahnı və rəqs ansamblının təqdimatında müxtəlif rəqslər nümayiş olunub.Tədbirdə hərbçilərin nümunəvi çıxışları isə, hər kəs tərəfindən böyük maraq və alqışla qarşılanıb. Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Zabit XƏLİLOV

“Respublika”