Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 dekabr 2023-cü il.