Füzuli şəhərinə yola düşən ilk köç karvanı ünvanına çatıb
Sosial həyat

Füzuli şəhərinə yola düşən ilk köç karvanı ünvanına çatıb

Avqustun 18-də səhər saatlarında Füzuli şəhərinə yola düşən ilk köç karvanı öz ünvanına çatıb. Otuz ildən sonra 23 ailə yenidən doğma yurdu olan Füzulidə məskunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 il yurd həsrəti ilə yaşayan Füzuli sakinlərinin doğma yurda qayıdışına başlanılıb. Bu gündən etibarən 23 ailənin 90 üzvü doğma yurdda yaşamağa başlayıb. Füzuli şəhərinə çatan ailələr Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qarşılanıb. Onlara yenidən öz doğma elində məskunlaşmaları münasibətilə gözaydınlığı verilib. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.