Fransanın Azərbaycana qarşı növbəti məkrli və qərəzli planı
Digər xəbərlər

Fransanın Azərbaycana qarşı növbəti məkrli və qərəzli planı

Fransanın "Le Figaro" nəşri, ölkənin  BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşdığı barədə məlumat yayıb.  Fransa prezidenti Emmanuel Makron  "Le Point" qəzetinə müsahibəsində bu xəbəri şərh edərək, Parisin bu məsələ ilə bağlı "xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu və "Laçın dəhlizinin" yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəklərini" vurğulayıb.

Makronun açıqlaması və Fransa mediasının yaydığı məlumat  Parisin BMT TŞ-yə qətnamə təqdim etmək istəyi ehtimalını gücləndirir. Bu ehtimalı gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan və separatçıların açıqlamalarıdır. Paşinyan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər göndərdiklərini bildirib və "humanitar fəlakət" iddialarını davam etdirir.

 Erməni mənbələr separatçıların Ağdam marşrutunun açılmasına razı olduğunu, bununla bağlı danışmaq istədiklərini yazıb, lakin qondarma rejimin nümayəndələri Bakıya qarşı ultimatum xarakterli şərtlər irəli sürür: ''Laçın yolu açıldığı təqdirdə Ağdam marşrutunu müzakirə etmək haqda düşünə bilərlər''.

Buradan açıq-aydın görünür ki, İrəvana və separatçılara ümid verən məhz  Fransadır.  Çünki  BMT TŞ-dəki müzakirələrdən sonra Makron administrasiyasının  ermənilərə "narahat olmamaları" və qətnamə hazırladıqlarına dair məlumat göndərdiyi bildirilir.  Makronun "Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir" sözləri də mesajın açıq şəkildə çatdırılmasına hesablanıb. Beləliklə, Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini gizlətmir.

''Fransa hər zaman olduğu kimi, ermənipərəst mövqe nümayiş etdirərək "fransızsayağı demokratiya" göstərir. Bu  fikri açıqlamasında politoloq  Bilgehan ÖztÜrk bildirib.  Onun sözlərinə görə Fransa  Cənubi Qafqaz regionunda söz sahibi olmağa, ermənilərə "narahat olmamaları" ilə bağlı mesaj verməyə çalışır. Makronun açıqlaması və Fransanın qətnamə cəhdi isə həm Bakıya təzyiq, həm də ermənilərə "əlimizdən gələni edirik" mesajının çatdırılması xarakteri daşıyır. Beləliklə, Fransanın özünü prosesə daxil etmək istəyi həm də dünyada get-gedə nüfuzunun, mövqeyinin zəifləməsi ilə əlaqədardır.

B.Öztürk vurğulayıb ki,  Ermənistan avqustun 16-da Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul etdirə bilmədi.  Bu da İrəvanla bərabər Parisdə də ciddi pərtlik yaratdı. Makron BMT-dəki iflasdan sonra erməni diasporasına bağlı ölkə müxalifətinin də təzyiqləri altındadır. Ermənistanın ictimai rəyi də Parisə əvvəlki kimi mötəbər, sözükeçən dövlət kimi baxmır. O da aydındır ki, Makronun yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması Parisi daha da gözdən salacaq.

Politoloqun sözlərinə görə, Fransanın Azərbaycana qarşı qətnamə layihəsini təklif etməsi gözlənilən idi. 30 il Azərbaycanın torpaqları işğal altında olanda münasibət bildirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımına səsini çıxarmayan Fransanın belə bir mövqe ilə çıxış etməsində təəccüblü heç nə yoxdur. BMT Təhlükəsizlik Şurasının bu qətnaməni qəbul etməsi bir qədər çətin görünür.

Fransa hədəfsiz xəyallar qurur. BMT isə dünyada hər hansı bir problemi, münaqişəni həll edən bir təşkilat deyil. Dolayısı ilə bu təklif də Ermənistanın təklif etdiyi qətnamə kimi qəbul edilməyəcək. Azərbaycan öz torpaqlarını konstitusiyasına uyğun şəkildə idarə edir. Belə olduğu halda heç bir kənar qüvvə bu prosesə qarışa bilməz.

Bu arada Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa "humanitar karvan" təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib. Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buisson öz X hesabında yazıb: ''Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan artıq yola düşüb, bu həftə  Laçın sərhəd-buraxılış məntəqəsinə çatacaq".

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının  köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək.

Fransa unutmamalıdır ki, yolladığı "humanitar karvan'' Azərbaycanın suveren ərazilərinin sərhədindədir. Bu sərhəddən içəri Azərbaycan əraziləridir və orada  yalnız Azərbaycan qanunları hakimdir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.