Ermənistanın ekoloji terror fəaliyyəti
Digər xəbərlər

Ermənistanın ekoloji terror fəaliyyəti

Hər hansı bir dövlət, yaxud şəxs tərəfindən digər ölkənin flora və faunasına bilərəkdən yetirilmiş zərər ekoloji terror adlanır. Bu sahədəki tənzimləmələr müvafiq qanunlara əsasən aparılır. Müharibə bitsə belə ekosidin fəsadlarının aradan qaldırılması çox mürəkkəb və çətin prosesdir. Hazırda bir çox dövlətlər də vaxtilə ərazilərində törədilmiş ekoloji terrorlardan əziyyət çəkir. Bu ölkələr arasında Azərbaycan da yer almışdır. Xain düşmənlərimiz 30 ilə yaxın işğal altında saxladığı, şəhər və kəndlərimizi dağıtmış, dinc əhaliyə qarşı soyqırımı törətmiş, bölgədəki bitki və heyvanlar aləmini məhv etmişdir. Özgə torpağına göz dikən üzdəniraq ermənilər, şəhər və kəndlərimizi xarabalığa çevirmək, maddi mədəniyyət abidələrini yer üzündən silmək, təhqir etməklə bərabər, həm də yeraltı, yerüstü sərvətlərimizi – mineral su mənbələrini, meşə fondunu, 152 dövlət təbiət abidəsini, 5 geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talan etmişlər. Ermənistanın çirkin əməlləri sadəcə sadaladıqlarımızla bitmir. Belə ki, onlar Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini məhv etmiş və digər ölkələrə satmaqla qazanc əldə etmişdirlər. Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin iştirakı ilə meşəçilik sahəsində istehsalını 10 dəfə artırması məhz Azərbaycan meşələrinin məhvi hesabına olmuşdur. Demək yerinə düşər ki, sahəsi ümumilikdə 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət faunanın qırılması endemik biomüxtəlifliyə vurulan ən ağır zərbədir. Əlavə olaraq, Topxana meşəsinin qadağan olunmuş ağ fosforla məhvi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı törədilmiş cinayətdir. Ermənistan bu cinayət əməlləri ilə ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını, “Ətraf mühit və inkişaf üzrə Rio-De-Janeyro” bəyannaməsini, “Ramsar”, “Bern”, “Bioloji müxtəliflik” kimi beynəlxalq konvensiyalarının tələblərini pozmuşdur. Bundan başqa, alçaq düşmənin işğal altında saxladığı ərazilərimizdəki vandal fəaliyyətinin nəticəsində torpaqlarda eroziya halları baş vermiş, təbiətin müvazinəti pozulmuşdur.

Ermənilərin qanundankənar fəaliyyətləri barədə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılsa da, heç bir müsbət nəticə əldə edilməmişdir. Ən diqqətçəkən məqamlardan biri isə düşmənin xüsusi mühafizə olunan ərazilərimizdə - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarındakı fauna və flora növlərini məhv etməsidir. Maraqlıdır, Ermənistanın bu fəaliyyəti nə üçün gözardı edilir? Ermənistanın içməli su ehtiyatlarını, xüsusilə də Oxçuçayı kimyəvi və bioloji maddələrlə çirkləndirməsi onların düşmənçilik siyasətinin bariz nümunəsidir. Bunun nəticəsidir ki, həmin bölgələrdə ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalmışdır. Su ehtiyatlarının çirkləndirilməsi ekoloji terror siyasətinin əsas tərkib hissəsidir. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, ekoloji terrorun sonlanması ilə nəticələnmişdir. Mühüm əhəmiyyət kəsb edən Suqovuşanın düşmən işğalından azad edilməsi regional eko-balansın bərpasına şərait yaratmışdır. Bu gün burada törədilmiş ekosidin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Ölkə başçımız İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, həmin bölgələrdə artıq canlanma müşahidə olunur. Yaxın gələcəkdə bu işlər yekunlaşacaq, işğaldan azad olunan ərazilərimizin gözəlliyi bütün dünyanı heyran qoyacaq. 

Nəzrin ELDARQIZI,

“Respublika”.