Ermənistanın çirkin oyunları
Siyasət

Ermənistanın çirkin oyunları

Türkiyə

Paşinyan hakimiyyəti sülh danışıqları ilə bağlı zaman-zaman pozitiv açıqlamalar versə də, bu, əməldə hiss olunmadı. Azərbaycan dəfələrlə danışıqlara hazır olduğunu bildirdi. Ermənistan da sözdə sülh tərəfdarı olduğunu bəyan etdi. Lakin işin əsasına gələndə məsələnin əksi göründü. Ermənistan daxilindəki siyasi qüvvələr Azərbaycanın xoşməramlı addımlarını adekvat qiymətləndirmək əvəzinə, sərsəm açıqlamalar verməyə davam edirlər.

İndi də Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv etməsi və Ermənistanın buna qarşı sərt addımlar atmaması gündəm olub.

"Əslində ermənilər verdikləri sözə, atdıqları imzaya əməl etməyən bir toplum kimi tanınır. Bunu Şahramanyanın açıqlaması bir daha  sübut etdi. Bu qərarı onun təkbaşına qəbul etdiyi də inandırıcı deyil. O, regionda vəziyyəti gərginləşdirməyə, vaxtı uzatmağa çalışır. Paşinyanın işarəsi olmasa, Şahramanyan bu addımı ata bilməzdi". Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk vurğulayıb. Onun sözlərinə görə Şahramanyanın Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsinin heç bir mənası yoxdur. Bu addım nə Azərbaycana hər hansı təhlükə yarada, nə də Ermənistana və separatçılara bir fayda gətirə bilər.

B.Öztürk bildirib ki, sözügedən addım əslində birbaşa Ermənistanın özünə qarşı yönəlib: "O mənada ki, bu gün bölgədə uzunmüddətli sülhün əldə edilməsinə və inkişafın təmin olunmasına ən çox ehtiyacı olan məhz Ermənistandır. Belə olduğu halda, bunların bu cür hiyləgər oyunlara baş vurması ağılsızlıqdan başqa bir şey deyil. Ermənistan bir tərəfdən, Azərbaycanla sülh üçün şərtlərinin olduğunu, qarşılıqlı etimad üçün addım atmağa hazır olduğunu bəyan edir, digər tərəfdən də belə oyunlara əl atır. Bu cür oyunlar isə çox getməz. Ermənistan hakimiyyəti revanşist əhvali-ruhiyyəyə uymamalı, bu ikili yanaşmalardan əl çəkməlidir. Əks təqdirdə, onları bundan da acınacaqlı durum gözləyir. Çünki revanşist əhvali-ruhiyyəyə köklənən addımlar davam edərsə bu, Azərbaycanın və Türkiyənin səbir kasasını daşdıra bilər".

Siyasi ekspert deyib ki, Ermənistan hələ də sülh məsələsinə səmimi yanaşmır. Əksinə, Ermənistanın guya Rusiyadan asılılığını azaltmaq üçün mənbəyi bəlli olmayan pullarla Fransa və Hindistandan silah sistemləri alır. Özü də alınan silah sistemlərinin forma və gücü daha çirkin bir savaş hazırlıqlarına işarə edir. Bu məqam da Ermənistanın sülh məsələsinə yanaşmada səmimi olmadığını, hələ də revanşist əhvali-ruhiyyədən qurtara bilmədiyini açıq-aşkar ortaya qoyur.

Onlar bilməlidilər ki, istədikləri silah sistemlərini alsalar belə, bundan sonra edəcəkləri hər bir hərəkətin, hərbi təxribatın cavabı veriləcək. Ona görə də Ermənistan hakimiyyəti yaxşı-yaxşı düşünməli və Qərbdən edilən təhrikedici təkliflərə uymamalıdır. İrəvan yəqin ki, növbəti hərbi əməliyyatın Ermənistan üçün daha dağıdıcı və dövlət sisteminin məhvi ilə nəticələnəcəyini çox yaxşı bilir. Buna görə də Ermənistanın mövcud durumdan xilas yolu ancaq və ancaq Azərbaycanla Türkiyənin uzatdığı sülh əlini tutmaqdır.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.