Ermənistan sülh sazişi ilə bağlı perspektivlərə kölgə salır
Siyasət

Ermənistan sülh sazişi ilə bağlı perspektivlərə kölgə salır

Sentyabrın 19-da Qarabağ və ətraf rayonlarda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədəki qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi, qondarma rejimin özünü buraxması Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsi ilə yanaşı, Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə zəmin yaratdı. Qarabağda yaşayan etnik ermənilərin ölkəmizə reinteqrasiyası məsələsi daha da aktuallaşdı.

Antiterror tədbirlərindən sonra xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir". Lakin hər zaman olduğu kimi, Ermənistan bu dəfə də qeyri-konstruktiv mövqe sərgiləməklə sülh prosesinə xələl gətirən addımlar atır. Belə ki, tədbirlərdən sonra quldur erməni silahlılarından təmizlənən bölgədə etnik ermənilərin yaşaması üçün ölkəmiz tərəfindən hər cür şərait yaradılmışdır. Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə ölkəmizin konstitusiyasına uyğun olaraq azərbaycanlılarla eyni hüquqa malik olacaqları dəfələrlə bildirilsə də, onların əksəriyyətinin bu yerləri könüllü şəkildə tərk etmələrini Ermənistan "etnik təmizləmə" adlandırır, guya Azərbaycan tərəfinin onları zorla çıxarması ilə bağlı yalan məlumatlar yayır. Ermənistan hökumətinin aqressiv mövqeyi isə regionda sülhün bərqərar olmasına təhdid yaradır.

44 günlük müharibədən sonra regionda sülhün, sabitliyin bərqərar olmasına ciddi səy göstərən Azərbaycan beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanaraq Qarabağda yaşayan etnik ermənilərin ölkəmizə reinteqrasiya olunmaları üçün onlarla dəfələrlə dialoq aparıb. Demokratik, sülhsevər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan ölkəmiz humanist ideyalara sadiq qalaraq qarşı tərəflə münasibətlərin normallaşması, regionda əmin-amanlığın yaranması üçün bütün imkanlarından istifadə edir. 30 il ərzində bir milyona qədər azərbaycanlının hüquqlarını pozan, soydaşlarımıza qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın isə ölkəmizi könüllü şəkildə tərk edən yerli ermənilərin "etnik təmizləməsi"ndə əsassız ittihamları qarşı tərəfin sülh prosesinə maneçilik törətməsinin, iki ölkə arasında münasibətlərin normallaşmasını istəməməsinin əyani göstəricisidir.

Antiterror tədbirlərindən sonra Ermənistan baş nazirinin yerli sakinlərin heç bir təhdidlə üzləşmədiyini bildirməsi, eyni zamanda bölgəyə səfər edən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabatlarında dinc əhaliyə, infrastruktura ziyan vurulmamasını təsdiqləməsi Ermənistanın yalanlarını ifşa edir. Oktyabrın 17-də Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı əsassız ittihamlarla dolu bəyanat səsləndirməsi Ermənistan baş nazirinin yaxın zamanlarda reallaşmasına böyük ümidlər bəslənən sülhə təhdid yaradır. Bütün dünya bilir ki, 44 günlük müharibənin bitdiyi ilk vaxtlardan Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə Ermənistana sülh sazişi bağlamağı təklif edib. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanınmasını, sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan beş baza prinsipindən ibarət sülh təklifi iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin olunması ilə bərabər, həm də iqtisadi inkişafa və regional əməkdaşlığa yönəlib. Qarabağdakı etnik ermənilərin ölkəmizin qanunları altında yaşamasına imkan verməməsi, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə problemlər yaratması Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını və münaqişənin davam etməsi üçün əlindən gələni etdiyini göstərir. Hərbi gücü, uğurlu diplomatiyası olmayan Ermənistan çıxış yolunu ancaq və ancaq böhtan atmaqda, yalan, iftira uydurmaqda tapır. Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı Qarabağda yaşayan ermənilərin guya etnik təmizləməyə məruz qaldığı barədə bəyanat səsləndirməsi bunu bir daha təsdiq edir. Baş nazirin reallığa uyğun gəlməyən bütün bu addımları ölkəsinin sülhə maraqlı olmadığını göstərir və sülh sazişi ilə bağlı perspektivlərə kölgə salır ki, bu da Ermənistanın yürütdüyü siyasətin əsasında dayanır.

Mehparə ƏLİYEVA,

"Respublika".