Ermənistan sabit yanaşma sərgiləməlidir
Digər xəbərlər

Ermənistan sabit yanaşma sərgiləməlidir

44 günlük Vətən müharibəsində əldə edilən hərbi-siyasi qələbə bizi işğal altında olan torpaqlarımıza qovuşdurdu. Lakin mənfur düşmən hələ də müxtəlif təxribatlarla, havadarlarının əli ilə sülh prosesinə kölgə salmağa davam edir. Xankəndi və Laçın yolunda yerləşən sülhməramlıların bölgədə sabitliyi bərpa edə bilməməsi vəziyyəti daha da çətinləşdirir. Məğlubiyyəti həzm edə bilməyən haylar regional lider olan Azərbaycanın imperativlərini qəbul etməkdən boyun qaçırır. Buna baxmayaraq, Azərbaycan bölgədə hərbi və diplomatik liderliyini qoruyur və hər keçən gün daha da qüdrətlənir.

Son zamanlar erməni təxribatlarının sayı durmadan artır. Baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan bir-birini təkzib edən, sülhə maneələr yaradan ifadələrlə çıxış edərək Azərbaycanı günahlandırır, şər və böhtan kampaniyalarını reallaşdırırlar. Bu işdə isə onların havadarları beynəlxalq məkanda fəallıq nümayiş etdirirlər. Faktiki olaraq sülh gündəliyindən yayınan Ermənistanın baş nazirinin "sülh" vədləri ilə Mirzoyanın böhtanları tamamilə əks kontekstdə görünsə də, eyni amala xidmət edir. Bu, sülh prosesindəki ləngimənin də əsas səbəblərindəndir. Qeyd edək ki, hələ yanvar ayında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsinə dair təkliflərlə çıxış edirdi. Nikol Paşinyan isə həmin dövr ərzində Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edirdi. Bu baxımdan, Mirzoyan və Paşinyanın bəyanatlarının bir-birinə zidd olması Ermənistanın sülh istəmədiyini və ziddiyyətli siyasət yürütdüyünü sübut edən növbəti faktordur.

Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə vaxtı uzatmağa çalışır. Baş nazir Nikol Paşinyan və onun komandası regional reallığın dəyişəcəyinə ümid edir, havadarlarının yardımını gözləyirlər. Pensiyaya çıxmış fransız polislərindən mədət umanlar artıq dalana sıxışıb. Lakin hələ də atəşkəs pozulur, xaincə planlar qurulur, dinc əhali və ətraf mühitə ziyan dəyir.

Ermənistan hakimiyyəti öz ritorikasını qəti şəkildə sərtləşdirib, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb. Görünür, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi, Rusiya sülhməramlılarının birbaşa dəstəyi hayları şirnikləşdirir. Bununla yanaşı, yaxın keçmişdə onlar KTMT missiyasını da Ermənistana cəlb etməyə çalışmışdılar, lakin buna nail ola bilmədilər. Kiminsə "çətiri altında" gizlənərək, ona arxanalaraq hərəkət etməsi Cənubi Qafqazdakı oyuncaq dövlətin çoxdankı adətidir.

Məlum olduğu kimi, Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərməyə başlayandan bəri məsələ ilə bağlı ermənipərəst dairələr, anti-Azərbaycan qüvvələr böyük şou yaradıb. Guya ki, Qarabağdakı etnik ermənilər blokadadır, əhalinin təbii qaz və digər zəruri həyat şərtləri təmin edilmir. Ermənistan rəsmiləri məsuliyyətsiz, isterik bəyanatlarla çıxış edirlər. Bu kimi yalanlar Azərbaycanı o qədər də düşündürmür, çünki məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin gücləndirilməsidir. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl etməyən, etinasız yanaşma sərgiləyərək regional birliyə kölgə salan Hayastan razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın dəhlizindən silah-sursat daşınması üçün istifadə edirdilər. Haylar öz çirkin əməllərini yerinə yetirə bilmədiklərinə görə nəzarət-buraxılış məntəqəsinin yaradılmasını istəmirdilər. Yoxsa, Qarabağda nə blokada, nə də hansısa erməniyə qarşı etnik mənsubiyyətinə görə ayrı-seçkilik var. Azərbaycan Qarabağ torpaqlarından qanunsuz məqsədlərlə istifadə olunmasının, sərvətlərimizin talanmasının qarşısını almağa çalışır. Ermənistan hakimiyyəti elə hesab edir ki, Laçın yolu haqqında formalaşdırdıqları yalan rəy Azərbaycana yönəlik beynəlxalq təzyiqləri gücləndirəcək.

Ermənistanın Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi ilə bağlı Azərbaycana qarşı qaldırdığı iddialar beynəlxalq səviyyədə əsassız hesab edilir. Belə ki, Avropanın ən ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın "Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair" tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib. Ədalət Məhkəməsi Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurmasını, ölkəmizin bu barədə suveren hüquqa malik olduğunu rəsmən tanımışdır. Bölgədəki saxta blokada iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, qaçaqmalçılıq cəhdlərinin edilməsi düşmənin beynəlxalq norma və prinsiplərə zidd şəkildə hərəkət etdiyini bir daha sübut edir.

İyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycana böhtan xarakterli ifadələrlə çıxışı Ermənistanın sülh ilə bağlı fikrinin olmadığını göstərdi. Əsl riyakarlıq örnəyi olan bu çıxış beynəlxalq zəmində ölkəmizə qarşı reallaşdırılan anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən bəhs edən Mirzoyanın əsassız ifadələri sülh prosesinə maneçilik törədir. Belə aydın olur ki, "Qarabağ əhalisi" dedikdə yalnız erməni sakinlərin hüquqlarını nəzərdə tutan nazir bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin hüquq və təhlükəsizliyini heç gündəmə belə gətirməyi istəmir. Buradan düşmənin xainliyi, eyni zamanda onun sülhdən boyun qaçırmaq cəhdləri bir daha bəlli olur. Azərbaycanın Ermənistana barışıq üçün verdiyi vaxt məhduddur. Qərb qonşumuz bunu nəzərə alsa və ağlını başına toplasa daha məqsədəuyğun olar.

Nurlan ABDALOV,

"Respublika".