Ermənistan ilin sonuna qədər sülh sazişinə razılıq verməlidir
Siyasət

Ermənistan ilin sonuna qədər sülh sazişinə razılıq verməlidir

İkinci Qarabağ müharibəsinin artıq 3 ili tamam olur. Bu zaman kəsiyində Azərbaycan bir sıra reallıqlar ortaya qoyub. Dövlətimizin sülh sazişinin bağlanmasına doğru atdığı addımlar göz önündədir. Lakin Ermənistanın apardığı ikili siyasət bu prosesi gecikdirir.

Mövzuyla bağlı politoloq Amid Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinin tənzimlənməsi və sülh sazişinin imzalanması 2023-cü ildə nəzərdə tutulmuşdur: "Həm Vaşinqtonun, həm Brüsselin, həm də Moskvanın vasitəçiliyilə daha çox aktivlik müşahidə olundu ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunsun. Görüşlər ən çox Vaşinqtonun vasitəçiliyilə keçirildi. Lakin sonuncu Brüssel görüşündən sonra Ermənistanın siyasi hakimiyyəti sülh gündəliyinin imzalanmaması istiqamətində radikal addımlar atmağa başladı. Yenə də tərəddüdlü çıxışlar, şərti dövlət sərhədindəki təxribatlar, Xankəndi və ətraf ərazilərdə mühəndis istehkamlarının qurulması, eləcə də əraziyə mütəmadi olaraq silahların daşınması onu göstərdi ki, Ermənistan dövləti siyasi və hüquqi mənada Azərbaycanla reinteqrasiya prosesinə, sülh sazişinin imzalanmasına maraqlı deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi sülh sazişinin imzalanmasını böyük təhlükə altına qoyur.

İlin sonuna qədər Ermənistan tərəfindən sülhün əldə edilməsi bir qədər tərəddüdlüdür. Çünki Ermənistan siyasi rəhbərliyinin verdiyi bəyanatlarla real olaraq atdığı addımlar arasında tərs mütənasiblik mövcuddur. Məsələn, indiyə kimi Xankəndi və digər ərazilərdə silahlı separatçılar qalmaqda davam edirlər, azərbaycanlılar isə oraya qayıda bilmirlər. Eyni zamanda, reinteqrasiya prosesinə ümumiyyətlə başlanmayıb, Ağdam-Xankəndi yolu hələ də tam açılmayıb. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil. Bu barədə artıq dünyanın bir sıra aparıcı dövlətləri və təşkilatları Ermənistan hakimiyyətinə xəbərdarlıqlarını bildiriblər. Məsələn, ABŞ-la aparılan təlimlər, bölgədə keçirilən qanunsuz seçkilərlə bağlı regional güc hesab olunan dövlətlər və təşkilatlar Ermənistana xəbərdarlıqlar edib. Hətta prezidentin keçmiş müşaviri Jirayr Libardiyan da bildirib ki, bu məsələdə artıq Ermənistana nə bir dövlət, nə də hər hansısa bir təşkilat kömək edə bilməz. Ermənistan özü öz taleyini həll etməlidir.

2023-cü il bütövlükdə Ermənistana bir sınaq ili kimi verilmişdi. Bu son şans idi, hansı ki, ilin sonuna qədər sülh sazişi imzalanmalıdır. Bu gün biz nəzərə alsaq ki, bölgədə Paşinyan, Alen Simonyan, Ararat Mirzoyan bir sıra dövlətlərə Azərbaycanla sülh sazişini imzalamaqda razı olduqlarını, görüş həyata keçirmək istədiklərini bildiriblər. Hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını rəsmən bir daha dilə gətiriblər.

Bilirik ki, bu məsələdə Ermənistana təzyiq edən dövlətlər, siyasi dairələr var. Hazırkı məqamda Ermənistan hakimiyyətinin atacağı siyasi addımlardan asılıdır ki, ilin sonuna qədər iki dövlət arasında sülh sazişi real olacaq və ya yox.

Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyev də ilin sonuna qədər sülh sazişinin imzalanmasının gözlənildiyini bildirib. Ermənistanın destruktiv mövqeyi real olaraq apardığı qərəzli proseslər sülh sazişi üçün mövcud olan ehtimalları azaldır. Əgər Ermənistan dövləti və cəmiyyəti öz xilas yolunu Azərbaycanla birlikdə real konstruktiv mövqedə olduqlarını anlayıb dərk etsələr və bu istiqamətdə vacib addımlar atıb xaricdən göstərilən təzyiqlərə tab gətirə bilsələr, ilin sonuna qədər bu sazişin imzalanması mümkündür. Əks təqdirdə, Ermənistan siyasi hakimiyyəti Azərbaycana qarşı aparılan bu təbliğatın ağır nəticəsini öz üzərlərində hiss edəcək. Azərbaycan heç bir zaman bölgədə əldə edilmiş sülhün qorunmasına mane ola biləcək qüvvələrə güzəştə getməyəcək. Bu məsələdə dünya ictimaiyyəti və təşkilatları, eləcə də Azərbaycanla birgə olan partnyor dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Hazırkı məqamda Ermənistan tərəfi siyasi addımlar atıb, real olaraq sülh sazişinin imzalanması istiqamətində görüşlərin keçirilməsini təklif etsə, deməli, müsbət addımlar atılacaq. Oktyabr ayının 5-də Qrenadada Avropa Siyasi Sammitinin üçüncü görüşü keçiriləcək. Nəzərdə tutulmuşdur ki, bu sazişdə artıq son yekun sülh müqaviləsi tərəflərə göstərilib və təqdim ediləcək və sülh sazişinin imzalanmasının tarixi, müəyyən edilməli idi. İndi biz Ermənistan siyasi hakimiyyəti tərəfindən bu məsələdə real addımlar gözləyirik. Əgər ilin sonuna qədər Ermənistan siyasi hakimiyyəti tərəfindən, yəni qısa müddətdə manipulyasiyaların davam etməsi, vaxtsız müddətlərin uzadılmasını görsək, Azərbaycan real addımların atılmasını təmin edəcəkdir".

Töhfə SƏMƏDOVA,

"Respublika".