Ən layiqli namizədə səs veririk
Region

Ən layiqli namizədə səs veririk

Ağdam

Növbədənkənar prezident seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirilir.  Səsvermə dairə üzrə 59 saylı  seçki məntəqəsində seçicilərin fəallığı şəraitində davam edir.  Dairə Seçki Komissiyasının sədri Hamlet Quliyevin verdiyi məlumata görə,  növbədənkənar prezident seçkilərində 57 min nəfərin səs verməsi gözlənilir. Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini  tapıb,  şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib.  57 saylı məntəqə Ağdam Konfrans Mərkəzində,  58 saylı məntəqə “AzərEnerji” ASC-nin binasında,  59 saylı məntəqə isə Kəngərli kəndində təşkil edilib.

57 saylı məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki,  məntəqədə səsvermə seçicilərin fəallığı şəraitində davam edir.  Məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. Seçici Rəşad Qasımov seçki bülletenini qutuya saldıqdan sonra bildirib ki, biz çox qürurluyuq ki,  torpaqlarımız işğaldan azad edilib və bu ərazilərdə 30 ildən sonra ilk dəfə seçkilər keçirilir.  Bu,  Azərbaycan xalqımız üçün tarixi hadisədir və biz də bu mühüm hadisənin iştirakçılarıyıq.  Ən layiqli namizədə, cənab İlham Əliyevə səs verdim.

119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının əhatə etdiyi İmamqulubəyli kəndindəki seçki məntəqəsində qələbəlik var idi.  Kənd sakinləri öz səsvermə hüququndan istifadə edərək fəallıq göstərirlər. Birinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil Baxşeyiş Hətəmov səs verəndən sonra bildirdi ki, zəfər seçkilərində iştirak etdiyim üçün çox qürurluyam. Xalqımızın lideri cənab İlham Əliyevə səs verməklə xoşbəxt gələcək və inkişaf üçün öz iradəmi ifadə etdim.  Quzanlı qəsəbəsindəki seçki məntəqəsində günün birinci yarısında seçicilərin böyük əksəriyyəti səs veriblər. Gülbəniz Əsgərova da öz seçki hüququndan istifadə edərək ən layiqli namizədə səs verdiyini bildirdi.

Salman ALIOĞLU,

“Respublika”.