Əməkdaşlığın inkişafına təkan verən müntəzəm görüşlər
Türk dünyası

Əməkdaşlığın inkişafına təkan verən müntəzəm görüşlər

Türkdilli dövlətlərin Zirvə toplantısı və yaxud Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısı altı türk dövlətinin başçılarının iştirakı ilə həyata keçirilir. Bu toplantılar suveren dövlətlərin qarşılıqlı münasibətlərinə əsaslanmaqla yanaşı, ortaq tarix, soy və mədəniyyətə malik liderləri bir araya toplamaq məqsədi daşıyır. Həmçinin görüşlər çərçivəsində türk dünyasının ortaq qayğıları gündəmə gətirilərək müzakirə edilir.

Xüsusi vurğulamaq lazımdır ki, belə toplantıların keçirilməsi türk dünyasının daha sıx şəkildə birləşməsi istiqamətində mühüm töhfələr verir. Bu baxımdan, müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan türkdilli ölkələrin dövlət başçılarının mütəmadi olaraq bir araya gəlməsi vacib hesab edilir. Şübhəsiz, bunun intensiv xarakter alması öz növbəsində türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə daha geniş layihələrin icra olunmasına da öz müsbət təsirini göstərir. Bundan başqa, dövlət başçılarının apardığı ortaq müzakirələr, türkdilli ölkələrdən olan iş adamlarının vahid türk məkanında daha yaxşı fəaliyyət göstərmələrinə zəmin yaradıb. Bu toplantılar, eyni zamanda dünyada baş verən qlobal hadisələrə vahid mövqenin ifadə olunmasına, türkdilli ölkələrin daha geniş və güclü şəkildə inkişafının təmin edilməsi istiqamətində yeni qərarların qəbuluna da gətirib çıxarıb. Bir məqamı da qeyd edək ki, ölkə liderlərinin mütəmadi olaraq bir araya gəlməsi özlüyündə türkdilli xalqların bağlarının daha möhkəmlənməsi istiqamətində ən uğurlu addımlardan biri kimi qiymətləndirilə bilər. Çünki bu, həmçinin türk dünyasının ortaq təklif və problemlərinin beynəlxalq qurumlarda daha güclü şəkildə təqdim olunmasına təkan verəcək. Zirvə toplantıları özlüyündə bölgədə sülhə və sabitliyə xidmət etməklə yanaşı, türkdilli ölkələrin beynəlxalq təşkilatlardakı mövqeyini gücləndirməsinə də köməklik göstərir.

İlk dəfə 1992-ci ildə Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti Turqut Özalın təşəbbüsü ilə Ankarada baş tutan Zirvə toplantısına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət başçıları qatılıblar. 1995-ci il avqustun 28-də baş tutan toplantı isə xüsusi əhəmiyyət kəsb edir. Sayca üçüncü olan və Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Zirvə toplantısına Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Saparmurad Niyazov, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Əsgər Akayev qatılıblar. Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə toplantısında iştirak üçün Bişkekə gedən ümummilli lider Heydər Əliyev burada Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşmüşdür. Bu görüş iki ölkə arasındakı əlaqələrin daha da şaxələnməsi və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, görüşdə Qarabağ məsələsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlara da yer verilib. Ulu öndərin səfər zamanı Bişkekdə qırğız xalqının "Manas" dastanının minillik yubileyi ilə əlaqədar keçirilən şənliklərdə də iştirak etməsi isə Heydər Əliyevin türkdilli xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğının təcəssümüdür.

Böyük şəxsiyyət Heydər Əliyevin Türkdilli Ölkələrin Dövlət Başçılarının III Zirvə Toplantısındakı çıxışı zamanı söylədiyi fikirlər ulu öndərin xalqlarımız və dövlətlərimiz arasında möhkəm birliyin yaranmasına maraqlı olduğunu bir daha təsdiqləyir: "Biz vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək göstərməli, yardım əlimizi uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik. Bütün bunlara görə mən bu görüşümüzə çox böyük əhəmiyyət verirəm. Belə görüşlərin daimi xarakter almasını ürəkdən alqışlayıram. Tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi - bütün bunlar bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa imkan verir. Yaşadığımız son illərdə Yer kürəsində böyük tarixi, geosiyasi dəyişikliklər baş vermişdir. Yaranmış yeni şəraitdə bizim qarşılıqlı əlaqələrimizi müstəqil, suveren əsaslar üzərində qurmaq üçün geniş üfüqlər açılır".

Buradan ulu öndərin fəaliyyəti dövründə Azərbaycanın türkdilli dövlətlər və xalqlarla münasibətlərinin inkişafına böyük diqqət verildiyi bir daha öz əksini tapır. Bu gün Heydər Əliyevin siyasəti onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin genişlənməsi, qardaş türk xalqları ilə iqtisadi-mədəni əlaqələrin inkişafı prioritet məsələlərdən hesab olunur. Türk xalqları - Anadolu türkləri, qazaxları, Azərbaycan türklərini, özbəkləri, tatarları birləşdirən TÜRKSOY təşkilatının yaradılması, Bakıda türkdilli xalqların Forumunun keçirilməsi, Türk Dövlətləri Təşkilatının yaradılması və s. əhəmiyyətli addımlar bunun bariz nümunəsidir.

Qeyd edək ki, bu günədək türk dövlətləri başçılarının 10 Zirvə toplantısı baş tutub. Toplantıların əsas hədəf və perspektivləri daimi fəaliyyət göstərən katiblik yaratmaq, türk dünyasının ortaq əlifbasını formalaşdırmaq, türk ləhçələrinin qarşılıqlı lüğətini hazırlamaq, ortaq türk tarixi kitabını və antologiyasını yaratmaqdır. Bununla yanaşı, türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətini həyata keçirmək, İpək Yolunun real olaraq canlandırılması da əsas hədəflərdəndir.

Nəzrin ELDARQIZI,

"Respublika".