EKOLOJİ TERRORUN QARŞISI ALINMALIDIR
MÜSAHİBƏLƏR

EKOLOJİ TERRORUN QARŞISI ALINMALIDIR

Dekabr ayının 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bir azərbaycanlı olaraq hamımızın ürəyindən xəbər verir.

Artıq neçə müddətdir ki, Qarabağ iqtisadi rayonunda Rusiya sühməramlılarının gözü qarşısında separatçı rejim tərəfindən təbii sərvətlərimiz talanır, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqları qanunsuz istismar edilir.

Mitinq iştirakçıları sərvətlərimizin talanmasına, ekoloji soyqırıma qarşı etirazlarını bildirir, beynəlxalq ictimaiyyəti haqq işimizə biganə qalmamağa çağırırlar. Milyonlarla soydaşımız kimi, qəlbimiz aksiya iştirakçıları ilə bir döyünür, ekoloqların haqlı tələblərini müdafiə edirik.

Təbiəti sevmək, onu qorumaq və təbii sərvətlərimizi artırmaq bu gün çox vacib məsələdir. Ana təbiətə qayğı göstərmək, onu zənginləşdirmək və daha da gözəlləşdirmək hər birimizin vətəndaşlıq borcudur. Rəvayətə görə, Xan qızı Natəvan fayton yolunun kənarında hər ağac əkənə bir qızıl vəd edərək meyvə bağlarının salınmasına nail olub. Üzünü həmyerlilərinə tutaraq deyib: "Mən sizə ömürlük qızıl bağışladım".

 Bəli, xalqımız tarix boyu təbiətə doğma, həssas münasibət bəsləyib. Bədnam qonşularımız isə uzun illər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda dilbər guşələrimizin qiymətli meşələrini dağıtmaqla, təbii sərvətlərimizi istismar etməklə ekoterrorizmlə məşğul olublar.

Ermənistanın ekoloji terror siyasəti nəticəsində Araza axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Bunu beynəlxalq təşkilatlar da etiraf edirlər. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində təbii sərvətlərimizin vəhşicəsinə istismar edilməsi faktları öz əksini tapıb.

Düşmən bu gün də bəd əməllərindən əl çəkmir. "Çirkli pullar"ın yuyulması ilə məşğul olan kriminal aləmin ünsürü Ruben Vardanyanın ölkəmizin təbii sərvətlərini talan etməsi və ətraf mühitə ciddi şəkildə ziyan vurması qətiyyən yolverilməzdir. Bu qatı cinayətkar tutulmalı, həbs edilməli və Azərbaycanın qanunlarına uyğun mühakimə edilməlidir.

Ən dəhşətlisi odur ki, azğınlıq, ekoloji terror Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verir. Məramı sülh olmayanlara arxalanaraq cinayətkar erməni qrupları təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar edir və ekoloji durumu getdikcə ağırlaşdırırlar.

Şuşa-Laçın yolunda gecə-gündüz davam edən aksiya xalqımızın haqq səsidir. Səbrimiz tükənsə də bu gün tələblərimizi sivil formada beynəlxalq aləmə çatdırırıq.

Dünyanın diqqətini özünə çəkən bu dinc aksiya ədalətin bərpasına yönəldilib. Beynəlxalq təşkilatlar, dünya dövlətləri, ədalət carçıları Ermənistana ciddi təsir göstərməli, haqlı mövqeyimizə hörmətlə yanaşmalıdırlar.    

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecin müəllimi, qabaqcıl təhsil işçisi.