Ekofəallar haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər
Digər xəbərlər

Ekofəallar haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər

Təbii sərvətlərimizin qanunsuz istismarı və ekoloji terror əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 72 gündür ki, davam edir. Aksiya iştirakçıları havanın şaxtalı olmasına baxmayaraq, yüksək əhvali-ruhiyyədədirlər. Onların məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Ekofəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirirlər.

Həmişə olduğu kimi, sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçməsi bir daha aksiyanın dinc xarakterli olduğunu sübut edir. Ekofəallarımız etirazların ilk günündən humanist prinsiplərə əsaslanaraq ədalətin bərpa olunmasını tələb edirlər. Yol humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə haqlı narazılıqlarını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsi zamanı aksiyanın məramını bir daha xatırlatdı: “Hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər”.   

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Monitorinqdə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşmişdilər.

Qarabağ ərazisində baş verənlər təkcə bizi yox, beynəlxalq hüquq müdafiəçilərini də narahat etməli, qanunsuz əməllərin qarşısı dərhal alınmalıdır.   Eyni zamanda təbii mühitə vurulan ziyana görə  Ermənistan hakimiyyəti məsuliyyətə cəlb olunmalıdır.

                                   Nurlan ABDALOV,

                                      “Respublika”.