Əhalinin su təminatı ilə bağlı rayonlarda keçirilən tədbirlər
İQTİSADİYYAT

Əhalinin su təminatı ilə bağlı rayonlarda keçirilən tədbirlər

Dünyadakı   iqlim   dəyişikliyi, isti   ölkələrdəki  səhralaşma  prosesləri, şirin  su   qıtlığı  ölkəmizi  də  ciddi  sınaqlara   çəkir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərin aradan qaldırılması üçün Səhmdar Cəmiyyət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri  İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirib.

Görüşdə hazırda Bəhrəmtəpə hidroqovşağında saniyədə 53 kubmetr suyun olduğu (bunun 22 kubmetri Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayını qidalandırır) barədə məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, su itkilərinin qarşısının alınması məqsədilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanallarının beton üzlüyə alınmaqla yenidənqurulması işləri həyata keçirilir. Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə yerli istismar idarələrinə səyyar tipli nasos stansiyaları verilmişdir.

Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilmişdir.

Nəriman  CAVADOV,

“Respublika”.