Əhali problemlərinin həlli diqqətmərkəzindədir
Sosial həyat

Əhali problemlərinin həlli diqqətmərkəzindədir

Hər il iyulun 11-i dünyada Əhali Günü kimi qeyd olunur. 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis olunan bu günün məqsədi əhalinin problemlərinin həllinə yardım göstərmək, bu məsələlərlə bağlı məlumatı artırmaq və ümumi inkişafa nail olmaqdır. BMT-nin son açıqlamalarında dünya əhalisinin sayının 8 milyard nəfər olduğu bildirilir. Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, 1804-cü ildə dünya əhalisinin sayı 1 milyard, 1927-ci ildə 2 milyard, 1999-cu ildə isə 6 milyard olub. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmaqda davam etsə, 2040-cı ildə dünyada 10 milyard insan yaşayacaq.

Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunmağa başlanılıb. Bu isə ölkəmizdə də bu cür tədbirlərin diqqət mərkəzində olmasından xəbər verir. MDB məkanında ilk dəfə olaraq məhz respublikamızda elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Təsadüfi deyil ki, dövlətimizin siyasətinin əsas prioritetləri arasında demoqrafik proseslərdə yaranmış mənfi meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət, keyfiyyət artımını təmin etmək də yer alır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiqlənib və proqram çərçivəsində ölkə başçımızın müvafiq Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 2006-cı il dekabrın 28-də isə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Bununla yanaşı, Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamına uyğun olaraq təsdiqlənmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Bu gün dövlətimizin başçısı tərəfindən sosial məsələlərin həlli, əhalinin rifahının yüksəlişi prioritet məsələ hesab edilir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8  faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

Bir məqamı da vurğulamaq lazımdır ki, demoqrafik proseslər cəmiyyət həyatının bir çox sahələri ilə qarşılıqlı surətdə bağlıdır. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində, sözügedən proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin məntiqi nəticəsi hesab olunur. Müasir dövrümüzdə inkişafın demoqrafik aspektləri bir sıra amilləri özündə ehtiva edir. Belə ki, Azərbaycanda ölüm səviyyəsinin azalması, əhalinin sağlamlığının və həyat şəraitinin yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması başlıca məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə hesablanmış perspektivləri nəzərə alınmaqla, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafik göstəricilərə təsirsiz ötüşməyib. Bütün bunlarla yanaşı, demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi, ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.

Nəzrin ELDARQIZI,

"Respublika".