Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlanıb
Məlumat

Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 8-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

"Respublika" xəbər verir ki, DİM-dən bildirilib ki, imtahana qeydiyyat sebtyabrın 11-dən oktyabrın 1-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.

İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıldır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Namizədlərin qeydiyyatdan əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.