Dostluq, tərəfdaşlıq və müttəfiqlik
Siyasət

Dostluq, tərəfdaşlıq və müttəfiqlik

Dövlət başçılarının şəxsi münasibətləri Azərbaycanla Rusiya əlaqələrini dolğun əks etdirən başlıca meyardır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı, ulu öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının, dostluğunun da növbəti ifadəsi oldu.

Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu gün qlobal siyasi arenada milli maraqlarının təmin edilməsinə çalışan hər bir dövlət qonşuları ilə əlaqələri genişləndirməli, qarşılıqlı anlaşmaya, dialoqa əsaslanan siyasət həyata keçirməlidir. Bu şərtlər daxilində düzgün xarici siyasət həyata keçirən Azərbaycan şimalda ən böyük əraziyə malik, beynəlxalq güc kimi qəbul olunan, həmçinin regional proseslərin mərkəzində dayanan Rusiya Federasiyası ilə qonşudur. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir. Dövlət başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verir. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurlu inkişafı diqqət çəkir. Mövcud potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi istiqamətində mühüm layihələr icra edilir. Bu baxımdan, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları əlverişli platformalardır. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarını ötüb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edib.

"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində keçmiş Sovet İttifaqının ən nəhəng tikintilərindən biri - Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində qeyd olunub ki, bu nəhəng tikinti üzrə daimi komissiyasının rəhbəri kimi onun reallaşdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir: "Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". Bunu xüsusi qeyd edən Prezident Vladimir Putin ulu öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq vurğulayıb ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik.

Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub.

Ötən il 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Proqram xarakterli bu sənəd əlaqələrin gələcək inkişafını özündə ehtiva edir. Planda ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, eyni zamanda rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsi, həmçinin humanitar əlaqələr nəzərdə tutulur. Azərbaycan və Rusiya münasibətləri ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunur, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsi mühüm rol oynayır. Rusiya investorları beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilirlər. Nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi önəm daşıyır.

Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Bu əlaqələr yalnız dövlətlər səviyyəsində deyil, eyni zamanda regional mərkəzlər arasında da həyata keçirilir. Belə ki, Rusiyanın 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın "KamAZ" zavodu ilə əməkdaşlığı, "Azərmaş" və "QAZ" şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdəndir. İki ölkə arasında əlaqələr nəqliyyat və digər tranzit infrastrukturunun şaxələnməsinə də təkan verir. Bu baxımdan, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini qeyd etmək lazımdır. Qərbi Avropanı Asiya ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya və Azərbaycanın əməkdaşlığı şəraitində mümkün olub. Bu dəhliz istər şimaldan cənuba daşınan, istərsə də şimaldan Avropaya gedən yüklərin çatdırılmasına xidmət edir.

Ötən il Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışı əhəmiyyətli rola malikdir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

2022-ci il 22 fevral tarixində Moskvada Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" isə iki dövlət arasındakı strateji tərəfdaşlığın ən yüksək zirvəsi hesab olunur. Bu sənəd hərtərəflidir və siyasi münasibətlərin yeni, daha da yüksək səviyyəsini müəyyənləşdirir. Prezidentlər Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətləri dövlətlərarası əlaqələrin inkişafı üçün başlıca meyardır. Bu münasibətlər çox konstruktivdir, qarşılıqlı rəğbət və etimada əsaslanır və dövlət başçıları arasında təmaslar müntəzəm xarakter daşıyır.

Mustafa KAMAL,

"Respublika".