“Dost Aqropark”: İki dövlətin birlik simvolu
MÜSAHİBƏLƏR

“Dost Aqropark”: İki dövlətin birlik simvolu

Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri bütün dünyanı heyran qoyub. Çünki müharibədən çıxan bir dövlətin bu qədər sürətlə quruculuq layihələrini həyata keçirməsi, məhv olmuş yerləri cənnətə çevirməsi bu ölkənin iqtisadi qüdrətindən və siyasi gücündən xəbər verir.  Bu baxımdan, geridə qoyduğumuz iki il ərzində reallaşan quruculuq işləri həqiqətən 30 illik zəhmətin, ulu öndər Heydər Əliyevin müdrik siyasi xəttinin Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində uğurla davam etdirildiyinin və həyata keçirildiyinin məntiqi nəticəsidir.

Hazırda sürətlə gedən quruculuq işləri çərçivəsində yeni yollar çəkilir, yaşayış obyektləri salınır, inzibati binalar tikilir,  hava limanları istifadəyə verilir. Qeyd edim ki,  dünyanın heç bir yerində bu gün Azərbaycanda olduğu qədər böyük həcmdə tikinti-quruculuq işləri aparılmır. Azərbaycan dövlətinin məqsədi düşmənin vandalcasına dağıtdığı şəhər və kəndləri bərpa etmək, doğma torpağından didərgin salınmış vətəndaşlarımızı  doğma yurdlarına qaytarmaqdır. Burada xüsusilə türk iş adamlarının da dəstəyini qeyd etmək yerinə düşər. Cənab Prezidentin də vurğuladığı kimi, Qarabağın quruculuq işlərində beynəlxalq təşkilatların əksəriyyəti soyuq münasibət göstərdi və biz bütün işləri öz maliyyəmiz hesabına etdik. Ancaq türk qardaşlarımız bu işdə də, necə deyərlər, əllərini daşın altına qoydular. Ötən günlərdə biz yenə Zəngəzurda Türkiyə-Azərbaycan birliyini gördük. Səfər zamanı hər iki ölkənin dövlət başçısı həm dəmir yolunun inşası ilə tanış oldu, həm də “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdi. Orada da vurğulandığı kimi, bölgəyə birinci özəl sərmayə olan aqroparkın adı özlüyündə hər şeyi deyir. Türkiyə şirkətləri bölgədəki inşaat işlərində fəal şəkildə iştirak edirlər. O cümlədən Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından çalışıblar.

Şübhəsiz ki, bölgədə görülən işlər Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir. Bu isə bir zamanlar Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın geri dönüşünü sürətləndirəcək. Yəni görülən işlər, atılan addımlar son nəticədə Böyük Qayıdış layihəsinin həyata keçirilməsinə istiqamətlənib.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.