Dönüş mərhələsi
Siyasət

Dönüş mərhələsi

Ümummilli lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir

Azərbaycan dövlətinin tarixində əvəzedilməz şəxsiyyət olan Heydər Əliyev  xalqının yaddaşında, təfəkküründə güclü dövlət xadimi olmaqla bərabər, həm də dəyişməz əqidəli, öz xalqına, onun adət-ənənələrinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlı  müdrik rəhbər kimi əbədi yaşayır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, milli, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməli 1969-cu ildə Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə qoyulmuşdu.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul tarixli plenumunda Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə namizəd məsələsi də müzakirə edilmiş və Mərkəzi Komitə Heydər Əliyevi bu vəzifəyə layiq görmüşdü. Sov.İKP MK katibi İ.V.Kapitonov Mərkəzi Komitənin fikrini plenum üzvlərinə çatdıraraq demişdir: "Heydər Əliyev yoldaş obyektiv olaraq üstünlüyə malikdir. Ən böyük üstünlüyü ondadır ki, o, hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46 yaşı vardır. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun müddətə seçmək lazımdır... Əliyev yoldaş bizim respublika partiya təşkilatında fəal iştirak edir. Partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin üzvüdür. Əliyev yoldaş əməli fəaliyyətində yetkin siyasi savadlı işçi kimi özünü göstərmişdir. … O, yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır. ...Bütün bunları nəzərə alaraq, Sov.İKP-nin Siyasi Bürosu "Azərbaycan KP-nin Mərkəzi Komitəsi Heydər Əliyevin KP MK-nın birinci katibi və büro üzvü seçilməsi barədə təklifi plenumun müzakirəsinə verir". Plenumda respublikaya 10 il başçılıq edən Vəli Axundov da çıxış edərək Heydər Əliyevin namizədliyini dəstəkləmişdir: "Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, respublikaya başçılıq edərkən o, bu cəhətlərindən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə davam etdirəcək". Bu çıxışlardan sonra Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi məsələsi səsverməyə qoyulmuş və plenum iştirakçıları yekdilliklə onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsinə səs vermişlər.

Bəli, 1960-cı illərin sonları Azərbaycan xalqının taleyində həlledici məqam oldu. Heydər Əliyev Azərbaycanın inkişafı, intibahı naminə nəinki əlindən gələni əsirgəmədi, mümkün olmayan işləri belə mümkünə çevirdi. Respublikaya rəhbərliyinin ilk illərində o, ölkənin iqtisadiyyatını möhkəmləndirərək şöhrətini, nüfuzunu yüksəklərə qaldırdı, xalqın milli mənafeyinin, milli mentalitetinin, mədəniyyətinin, mənəviyyatının qorunub inkişaf etdirilməsində mübarizə meydanına atıldı. Bu illərdə Azərbaycanda sürətli inkişaf dövrü başladı, bütün sahələrdə dahi rəhbərin səriştə və prinsipiallıqla həyata keçirdiyi sosial-iqtisadi və mədəni siyasət öz bəhrəsini verdi, ölkə yeni bir intibah dövrünə qədəm qoydu. Ulu öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan, 15 müttəfiq respublika arasında 14-cü yerdə olan Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən bu nailiyyətlər əslində, daha böyük işlərin həyata keçirilməsinə meydan açdı. Bütün bunlar milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi.

Heydər Əliyevin bu istiqamətdə atdığı ilk addımlardan birincisi DTK-nı milliləşdirməsi oldu. Dövlət Təhlükəsizliyi Xidməti üzrə milli kadrların yetişməsi əsas məsələ olaraq qarşıya qoyuldu. Eyni zamanda, böyük zəhmətin, müdrik fəaliyyətin nəticəsində Bakıda C.Naxçıvanski adına hərbi məktəb açıldı. Ümumiyyətlə, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildilər. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsində SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində minlərlə azərbaycanlı yüksəkixtisaslı mütəxəssis hazırlandı. Respublikada genişmiqyaslı təhsil islahatları aparıldı, məktəblərin, universitetlərin, peşə təhsili mərkəzlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildi.

1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə Azərbaycanda nəzərəçarpacaq iqtisadi transformasiya baş verdi, ölkə iqtisadiyyatının gücləndirilməsi üçün sənaye sektorunun müasirləşdirilməsi və şaxələndirilməsinə yönəlmiş innovativ siyasət həyata keçirildi, həmçinin sosial və mədəni irəliləyişlərə nail olundu. Heydər Əliyev Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasını, incəsənətin, ədəbiyyatın və musiqinin təşviqi yolu ilə milli kimliyin təbliğini həyata keçirdi ki, ulu öndərin bu səyləri dövlətin 1991-ci ildə reallaşan müstəqilliyinə zəmin yaratdı. Onun iqtisadi, sosial və diplomatik arenalarda liderliyi Azərbaycanın müstəqillik yolunun formalaşmasında və gələcək nəsillər üçün möhkəm təməlin yaradılmasında mühüm rol oynadı. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişafa xidmət etdi. Bu siyasətin tərkib hissəsi olaraq 1978-ci ildə Heydər Əliyevin ciddi cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi.

Heydər Əliyevin quruculuq fəaliyyəti bütün sahələri - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələri əhatə etdi: elektrik enerjisi, neft-mədən avadanlıqları, kimya sənayesi məhsulları, şərabçılıq, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalça və xalça məmulatları, mineral sular, fermentləşmiş tütün və s. sahələrdə sürətli inkişaf Azərbaycanı SSRİ respublikaları arasında qabaqcıl yerə çıxardı.

Azərbaycanın təbii sərvətlərinin qorunması üçün Heydər Əliyev 1969-cu ildə ətraf mühitin mühafizəsi və davamlı inkişafını prioritet olaraq müəyyənləşdirdi. O, ölkənin nadir ekosistemlərini ətraf mühitin deqradasiyasından qorumaq məqsədilə iqtisadi tərəqqi ilə təbiətin mühafizəsi arasında tarazlığın yaradılmasının vacibliyini önə çəkdi.

Heydər Əliyev Azərbaycanın müxtəlif icmaları arasında dialoq və əməkdaşlığı təşviq edərək, vətəndaşlar arasında həmrəylik hissini aşılayır, inklüziv yanaşması ilə qarşıya çıxan bütün çətinliklərin öhdəsindən gələrək sabaha inamla irəliləyən güclü dövlət qurmağa çalışırdı. Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinə zəmin yaratdı. O illərdə Azərbaycanın sosial-iqtisadi mənzərəsi tamamilə dəyişdi, respublikamız iqtisadi yüksəliş və modernləşmə dövrünü yaşadı. Heydər Əliyevin sənayenin, infrastrukturun inkişafına və ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadəyə xüsusi diqqət göstərməsi ölkənin iqtisadi inkişafının əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə SSRİ miqyasında yalnız xammal mənbəyi olan Azərbaycan 1970-ci illərin sonu - 1980-ci illərin əvvəllərində bütün sahələrdə sürətli inkişaf edən respublikaya çevrildi.

Mehparə ƏLİYEVA,

"Respublika".