Doğma torpaqlara qovuşmaq arzusu ilə yaşayırıq
Digər xəbərlər

Doğma torpaqlara qovuşmaq arzusu ilə yaşayırıq

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə erməni şovinistləri xalqımıza qarşı düşmənçilik mövqeyində durmuş, özlərini "zavallı" bir xalq kimi qələmə vermişlər.

Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının bir hissəsi idi. İran və Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının əsas hissəsi oldu.

Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə bir ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu. "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.

Erməni vandalları 1905-1907-ci illərdə Qərbi azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Soydaşlarımızın yaşadıqları yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək Qərbi azərbaycanlıların mənfi obrazlarını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

Erməni quldur dəstələri İrəvanda, Vedidə, Amasiyada, Göyçədə, Dərələyəzdə, Zəngəzurda, Lori-Pəmbək vadisində, Zəngibasarda və Qərbi azərbaycanlıların yaşadıqları digər ərazilərdə analoqu olmayan terror hadisələri törətdilər. Bu qanlı cinayətlərin əsas təşkilatçısı qatı millətçi, şovinist Stepan Şaumyan idi.

1918-ci il Novruz bayramı ərəfəsində Andranikin quldur dəstəsi Basarkeçərin Şişqaya kəndində qırğın törətdikdən sonra onlar Kiçik Məzrə kəndinə daxil olurlar. Burada ermənilər insanları amansızlıqla qətlə yetirirlər, 90 nəfər güllələnir, 2 qadın əsir götürülür, evlər yandırılır, 40 mindən artıq insan Kəlbəcər, Qumlubulaq istiqamətində doğma yurdlarını məcburən tərk edirlər. Daşkəndli Aşıq Nəcəfin kürəyinə ermənilər qaynar samovar bağlayırlar, el aşığı amansızlıqla qətlə yetirilir.

1918-ci ildə Qərbi azərbaycanlılara qarşı erməni vandalları qanlı cinayətlər törətdilər... Onların çoxu doğma torpaqlarından ayrılaraq Türkiyə, İran, Gürcüstan və digər ölkələrə üz tutdular. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan və onun ətrafındakı 9 min kvadratkilometr sahəni əhatə edən ərazi ermənilərə verildi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra xarici ölkələrə üz tutmuş Qərbi azərbaycanlıların az bir hissəsi ata-baba yurdlarına qayıtdılar.

Otuzuncu illərin əvvəllərində Sovet İttifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş şəkildə vüsət aldı. Kollektivləşmə kampaniyası bu respublikada yaşayan Azərbaycan türklərinə qarşı çox ciddi, çox sərt tərzdə həyata keçirildi. Əhalinin var-dövləti, mal-qarası əlindən güclə alınıb kolxoz təsərrüfatlarına verildi. Bir az tərəddüd edən azərbaycanlılar dərhal "qolçomaq" adı altında damğalanır, xalq düşməni kimi qələmə ləkələnirdilər. Bu qəbildən olan soydaşlarımız Qazaxıstana və Sibirə sürgün edildilər.

Qərbi azərbaycanlılara qarşı erməni xəyanəti davam edirdi. Ən nəhayət, 1948-1953-cü illərdə İ.Stalinin, Molotovun, Q.Arutyunovun və digər ermənipərəst rəhbərlərin xəyanəti sayəsində Qərbi Azərbaycandan 150 min azərbaycanlı Kür-Araz ovalığına köçürüldü, xalqımıza qarşı deportasiya təkrar olundu. Köçürülmə (əslində sürgün) 1953-cü ilin mart ayında İ.Stalinin ölümündən sonra dayandırıldı.

1988-ci ildə erməni şovinistləri daha da azğınlaşdılar. Onlar Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə məsələ qaldırdılar. Daşnak mafiyası ermənipərəst Qorbaçovu ələ aldı. Qərbi azərbaycanlılara xəyanət toru hazırlandı. 300 min Qərbi azərbaycanlı doğma yurdlarından son nəfərə qədər zorla qovuldu. Köçürülmə dövründə neçə-neçə insanlar işgəncələrə məruz qaldı, amansızlıqla qətlə yetirildi, var-dövlətləri dağıdılıb yandırıldı. "Qızıl Moskva" bu ədalətsizliyə göz yumdu.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayır, hər birimizin qəlbi Oğuz elləri ilə döyünür. Cəmi 44 gündə Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın ermənilərin işğal etdiyi ərazilərimizi azad etdi. Paşinyana və onun quldur dəstəsinə sarsıdıcı zərbələr endirildi.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Görüşdə vurğulandı ki, tarixi qələbədən sonra bizim əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını reallaşdırmaqdır.

İndi bu istiqamətdə ciddi iş aparılır. Gün gələcək ki, biz qəribsəmiş yurd yerlərinə dönəcəyik.

Təbib İBRAHİMOV,

həkim.