Reinteqrasiya erməniləri müxtəlif siyasi dairələrin oyuncağı olmaqdan xilas edəcək
Digər xəbərlər

Reinteqrasiya erməniləri müxtəlif siyasi dairələrin oyuncağı olmaqdan xilas edəcək

Bu gün ermənilərin Laçın-Xankəndi yolu ilə bağlı apardığı şou kampaniyası vəziyyətin əslində nə qədər gülünc olduğunu göstərir. Uzun müddətdir ki, ermənilərin hansısa humanitar problemlərinin olması ilə bağlı süni gündəm yaradan beynəlxalq güc dairələri hazırda çörək qıtlığı məsələsində manipulyasiya edirlər. Birincisi Xankəndidə bu gün çörək də daxil olmaqla hansısa ərzaq qıtlığı problemi yoxdur. Əgər belə olsaydı bu gün Xankəndidə heç bir hotel və restoran fəaliyyət göstərməzdi. Amma aparılan analitik təhlillər zamanı araşdırmalar göstərir ki, bu gün Xankəndidə bütün ictimai-iaşə obyektləri və restoranlar öz fəaliyyətini davam etdirirlər. Eyni zamanda Xankəndidə necə çörək və qida böhranı yaranır ki, bu gün orada toy və bayram şənlikləri davam edir, eləcə də müxtəlif yığıncaqlar həyata keçirilir. Və bununla bağlı görüntülər paylaşmaqdan da çəkinmillər. Hətta Xankəndidəki mənbələrin bildirdiyinə görə, separatçılar bu məsələ ilə bağlı sadə insanlara qarşı böyük basqılar da edirlər. Hansısa yığıncaqlarda ziyafətlərdən görüntülərin sosial medialarda paylaşılmaması üçün sadə insanlara təzyiqlər edilir. Buna baxmayaraq, yenə də mətbuata və sosial şəbəkələrə sızan görüntülərdən aydın olur ki, Xankəndidə hansısa bir böhran yaşanmır. Digər bir tərəfdən, hətta bu hadisə olsaydı belə bu məsələdən açıq şəkildə siyasi manipulyasiya vasitəsi kimi istifadə edərdilər.

Açıq etiraf etmək lazımdır ki, bu gün Xankəndi və ətrafında yaşayan ermənilər Ermənistan hakimiyyəti və müxalifəti də daxil olmaqla Qərb və Fransadakı siyasi dairələr üçün sadəcə olaraq siyasi alətə çevriliblər. Onlardan fərqli olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşları düşünən yeganə ölkə Azərbaycandır. Qarabağ ermənilərinin reinteqrasiya prosesinin reallaşması üçün atılan addımlar Xankəndi ermənilərini Ermənistan da daxil olmaqla müxtəlif siyasi dairələrin oyuncağı olmaqdan xilas edəcək. Əslində separatçı xunta terrorçularının təzyiq altında saxladıqları erməni əsilli Azərbaycan vətəndaşlarının bu qorxu və basqıdan qurtulmağında da yeganə yol Azərbaycana reinteqrasiyadır. Azərbaycan öz vətəndaşlarını gec-tez həmin separatçı ünsürlərin və onun havadarlarının təzyiqlərindən xilas etməyi qarşısına məqsəd qoyub.

Bundan əlavə, bu gün Azərbaycan birmənalı şəkildə Laçın yolunun bağlanmadığını vurğulayır. Həm də biz Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun açılması məsələsini qaldırmışıq. Laçın yolu necə bağlı ola bilər ki, BQXK-nın müşayiətilə sadə ermənilərin bu yolla keçidi baş verir. Eyni zamanda BQXK insanları apararkən qida və digər zəruri istehlak məhsullarının daşınmasını həyata keçirir. Sadəcə olaraq daha həcmli yük məhsullarının daşınması üçün Ağdam-Xankəndi yolununun açılmasını təklif etmişik. Lakin bu yolun açılmaması üçün çalışan separatçılar və onların havadarları Xankəndi erməniləri ətrafında süni bir gündəm yaratmağa çalışırlar. Əgər Xankəndi ermənilərinin çörəyə ehtiyacı olsaydı və bu gün talonla çörək satılması kimi bir şou yaradıb, sadə insanlardan siyasi riyakarlıqla istifadə etmək yerinə, AzQAC-ın 40 ton un məmulatını qəbul edərdilər. Ona görə hesab edirəm ki, əvvəl-axır Ağdam-Xankəndi yolu açılacaq və bütün separatçıların çirkin oyunları sona çatacaq.

Tural İsmayılov.