Dayanacaq, yoxsa dayanmayacaq?
Sosial həyat

Dayanacaq, yoxsa dayanmayacaq?

İctimai nəqliyyatla bağlı problemlər davam edir

Paytaxtda ictimai nəqliyyat və dayanacaq problemi həmişə müzakirə mövzusu olub. Vətəndaşlar tez-tez şikayətlənirlər ki, bəzən iki dayanacaq arasında məsafə həddindən artıq uzaq olur və ya ümumiyyətlə, bəzən dayanacaq mövcud deyil. Nəticədə narazılıqlar yaranır. Sərnişinlərin addımbaşı ictimai nəqliyyatı dayandıraraq enmək istəmələri də problemlərdən biridir. Bu da sərnişinlərlə sürücülər arasında mübahisələrə səbəb olur. Ciddi problem doğuran bu məsələ daha çox Bakı kəndlərinə işləyən avtobuslarda baş verir. Xırdalan, Binəqədi də daxil olmaqla bir sıra yollarda, ümumiyyətlə dayanacaq və ya avtobus nişanı yoxdur.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, bəzən vətəndaşlar bilərəkdən əlavə dayanacaqlar "yaradırlar". Misal üçün, hər hansı bir market adı və ya küçə başlanğıcıyla xətdən kənar dayanacaqlar qurulur və bu da öz növbəsində avtobusun ləngiməsinə, qəsəbədaxili hərəkətin intensivliyinin pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, hazırda Bakı ərazisində bir neçə dayanacaq növü var. Bunlardan biri cibsiz dayanacaqlardır. Bu məntəqələr yol kənarında, səkiboyu yerləşdirilmiş dayanacaqlardır və minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir. Digər cibli dayanacaq məntəqələri isə sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir. Müvafiq qanunlara əsasən, yol infrastrukturunun vəziyyətindən asılı olaraq qeyd edilən ölçülərə müvafiq dəyişikliklər edilə bilər. Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Əks istiqamətlərdə hərəkət olan yollarda dayanacaq məntəqələri bir-birinə nisbətən çarpaz formada yerləşdirilməlidir. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır.

Ekspert bildirir ki, dayanacaqların qurulması sərnişin axınının istiqaməti üzrə hesablanmalıdır. "Sərnişinlər necə hərəkət etməlidir? Harada daha çox minilir və ya düşülür? Məktəb kənarında bağça, digər iaşə obyektləri, yəni bu kimi sahələr var, yoxsa yoxdur? Bütün bunlar mütləq formada diqqətə alınmalıdır. Lakin bəzi yerlərdə dayanacaq olmadığı üçün özbaşınalıq artır. Kiminsə marketinin yanında bir dayanacaq yaradılır və yaxud sərnişinlər çox qısa məsafələrdə düşüb-minirlər. Bu kimi hərəkətlər marşrutun intervalına təsir edir. Bu da öz növbəsində düşüb-minmə zamanı narahatlıq yaradır, vaxt uzanır. Yəni hər hansı bir qəsəbədən metro stansiyasına 40 dəqiqəyə gəlməlidirsə, bu, bir saat və ya daha çox müddətə başa gəlir".

Qeyd edək ki, marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsində birdən az olmayaraq dayanacaq pavilyonu quraşdırılmalıdır. Həmçinin dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyon qoyulmamalıdır. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, şəhərin mərkəzində də dayanacaq problemi ilə üzləşirik. Məsələn, elə Sahil metrosundan üzü Bayıl, Azneft istiqamətində avtobus dayanacağı var, amma dayanacaq pavilyonu yoxdur. İnsanlar orada yağışda, qarda açıqlıqda dayanırlar. Bir daldalanacaq yoxdur. Binaların balkonları altında dayanırlar ki, yağış üzlərinə yağmasın. Eyni vəziyyət elə Bakı kəndlərində, ətraf qəsəbələrdə də mövcuddur. Ekspert deyib ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) ilə birlikdə biz müşahidələr aparmışıq, bir çox problemli əraziləri öyrənmişik. Ümid edirəm ki, AYNA bu problemlərin həllinə müsbət təsir göstərə biləcək, kağız üzərində qalmayacaq. Hələlik gördüyümüz odur ki, problem çoxdur. Qısa müddətdə də bunun həlli mümkün deyil. Çünki bu illərlə yığılıb qalmış problemdir. Sürücülər istəyir ki, konkret bir nöqtədə sərnişinlər dayansın, düşsün-minsin".

Məsələyə AYNA tərəfindən də münasibət bildirilib. Qurumun mətbuat katibi Tural Orucov hazırda bölgələrdə monitorinq keçirildiyini bildirib. Xüsusilə Binəqədi rayonu istiqamətində yolboyu dayanacaq yerləri müəyyənləşdirilib. İnfrastruktur nəzərə alınaraq dayanacaq nişanları quraşdırılacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".