DAVAMLI VƏ SÜRƏTLİ İNKİŞAF NÜMUNƏSİ
Region

DAVAMLI VƏ SÜRƏTLİ İNKİŞAF NÜMUNƏSİ

Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə şəhəri ötən ili sosial-iqtisadi və mədəni həyatın müxtəlif sahələrində uğurlu göstəricilərlə başa vurub. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində qədim Nizami yurdunda bir sıra infrastruktur layihələrin icrası müvəffəqiyyətlə davam etdirilib, genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri görülüb, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılıb.

Ötən il ərzində əhalinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, küçə və meydanların işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

"Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi hazırda şəhərdə həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Layihə çərçivəsində şəhərin içməli su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması uğurla davam etdirilir. Belə ki, il ərzində 17399 poqonometr içməli su şəbəkəsi, 18513 poqonometr çirkab su xətti çəkilmiş, içməli su xətlərinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər 109 faiz, çirkab su xətlərinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər isə 100 faiz həcmində yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, qədim şəhərin küçələrinin, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel şəkildə aparılır. "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində işlər tam yekunlaşan ərazilərdə asfaltlanma işləri də davam etdirilir. Belə ki, dövlət başçısının Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 52 küçədə genişmiqyaslı təmir-tikinti işləri aparılıb.

Gəncə şəhərində icra olunan daha bir irimiqyaslı layihə isə müasir küçə işıqlandırılması sistemlərinin qurulması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin əksər küçələrində gecə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində 448 küçədə ümumi uzunluğu 264,4 kilometr olan kabel xətti çəkilib, 8249 ədəd işıq dirəyi quraşdırılıb.

Çoxmənzilli yaşayış binalarının dam ötrüklərinin yenilənməsi, fasadlarının təmiri və lift təsərrüfatının yaxşılaşdırılması daim diqqət mərkəzində dayanır. Son 2-3 ildə şəhərdə mövcud olan 865 çoxmənzilli yaşayış binasının dam örtükləri tamamilə yenilənmiş, əvvəlki illərdə təmir olunmuş və vaxt keçdikcə fiziki aşınmaya məruz qalmış dam örtüklərinin təmiri də ötən il həyata keçirilib və daim diqqətdə saxlanılır.

"Abad məhəllə"lər yaradılması ənənəsi qədim şəhərin daha da abadlaşdırılması və hüsnünün gözəlləşdirilməsinə sanballı töhfələr verir. Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində, şəhərin 1-ci mikrorayon ərazisi və Gülüstan yaşayış massivində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində abadlaşdırma işləri görülmüş, məhəllələrdə asfalt örtüyü salınmış, tamet daşlar vurulmuş, yeni bordürlər, işıq dirəkləri quraşdırılmış, məişət tullantıları üçün qutular yerləşdirilmişdir.

Şəhər ərazisində mütəmadi keçirilən iməciliklər zamanı yaşıllıq zolaqlarının qorunub saxlanılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində işlər görülmüş, yaşıllıq zolaqlarına daimi qulluq göstərilmiş, ağacəkmə aksiyaları təşkil olunmuşdur. Bu kütləvi tədbirlər zamanı 7 minə yaxın Kiparis, Eldar şamı, Limon-tuya və Kedr ağacları, 150000-dək müxtəlif növ çiçək, 30 mindən çox qızılgül kolu əkilmişdir.

Fəvvarələr qədim şəhərin hüsnünün gözəlləşməsinə, əhalinin asudə vaxtının təşkilinə xüsusi töhfədir. 6 böyük fəvvarənin yenilənməsi istiqamətində işlər aparılmış, "Xan bağı"nda olan 2 fəvvarə sökülərək, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa edilmişdir. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunmuşdur. Mərkəzi meydandakı iki böyük fəvvarədə işlər davam etdirilir.

Cavad xan küçəsi şəhər sakinlərinin və qonaqların ən sevdiyi məkanlardan biridir. Burada genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri görülmüş, evlərin fasadları, daş döşəmələrin təmirə ehtiyac olan hissələri yeniləri ilə əvəz olunmuşdur.

Gəncəli dünyaşöhrətli bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında yeni park salınıb, uşaqlar üçün attraksionlar və idman qurğuları quraşdırılıb.

Şəhərin qədim tarixi-memarlıq abidələrindən olan Comərd Qəssab Türbəsinin ətrafında da təmizlik və abadlıq işləri aparılıb, 350 kv.metr ərazidə ot örtüyü salınıb, 30 ədəd vələs, 10 ədəd limon-tuya ağacı, qızılgül kolları və müxtəlif növ mövsümü çiçəklər əkilib. Türbənin ərazisindəki yaşıllıq zolağının suvarılması üçün 800 metr məsafədən daimi su xətti də çəkilib.           

Bir daha qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Ölkə Prezidentinin Gəncəyə hər səfəri qədim şəhərdə aparılan yenidənqurma və abadlaşdırma ilə əlamətdar olur. Heç təsadüfi deyil ki, şəhərdə müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində möhtərəm Prezidentimiz şəxsən iştirak edir, öz xeyir-duasını verir. Son illərdə Prezident İlham Əliyevin iştirakı ilə şəhərdə bir sıra iqtisadi və sosialyönümlü obyektlər istifadəyə verilmişdir. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binası, "Ganja Mall" ticarət mərkəzi, "NB Satınalma və Ticarət" MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, "Şah Abbas" və "Uğurlu Xan" karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzi, "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposu bu qəbildən olan möhtəşəm obyektlərdəndir.

Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı, yeni məktəb binalarının tikintisi istiqamətində də işlər davam etdirilib. Təhsil müəssisələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, yenilərinin inşası prioritet məsələlərdən biri olmaqla daim diqqət mərkəzində saxlanılır. Təkcə son 5 il ərzində 7, 10, 11, 18, 28 və 34 nömrəli tam orta məktəblər müasir səviyyədə yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib. Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılmış, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə şəhərdə yeni Autizm Mərkəzi də öz qapısını ehtiyacı olanların üzünə açıb.

Şəhərdə gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər uğurla davam etdirilib, Heydər Əliyev Park-Kompleksinin ərazisində futbol meydançasının, habelə "Kəpəz" Futbol Akademiyası və Təlim Mərkəzinin inşası başa çatdırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhər stadionu yenidən qurulur.

"Ekoloji Park Kompleksi"nin yaradılması istiqamətində görülən işlər xüsusilə diqqətəlayiqdir. "Ekoloji Park Kompleksi" 17 hektar ərazini əhatə edir. Burada 2 mərtəbə və 1 zirzəmidən ibarət olan təbii havalandırma sisteminə malik oranjereya binası artıq inşa edilib. Bina daxilində yaşıllıq zonaları, 2 ədəd akvarium, 1 ədəb hovuz, dekorativ qala divarları, "coffeeshop", musiqi zonası yaradılıb. Ərazidə 2 ədəd istixana, 2 ədəd söhbətgah, 2 910 kv.metr sahədə velosiped yolu, 1 ədəd transformator yarımstansiyası, piyadaların hərəkəti üçün yollar, meydançalar, avtomobil yolları və dayanacaq yaradılıb.

Gəncə şəhərində iqtisadiyyatın inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavod inşa edilib. Yeni müəssisənin istifadəyə verilməsi ilə mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbat ödənilir, idxaldan asılılıq aradan qaldırılır.

Ümumi istehsal gücü saatda 10 ton olan "Mehmanoğlu Yem və Taxıl" MMC-də ötən il istifadəyə verilmiş müəssisələr siyahısındadır. Yeni müəssisənin istifadəyə verilməsi quş, iri və xırdabuynuzlu heyvanlar üçün yem ehtiyacını ödəyəcəkdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən şəhərdə inşa edilən KOB evinin tikintisi davam etdirilir.

Gəncə şəhərində şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməli işlər görülür. Təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhərdəki şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 129 şəxsə mənzillərin açarları təqdim olunub.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərin "İstiqlal" parkında "Memorial Abidə Kompleksi" inşa edilib. Ümumi sahəsi 1200 kv.m olan Kompleksdə uzunluğu 50, hündürlüyü 5 metr olan lövhələrin üzərinə ümumilikdə 600-ə yaxın şəhidin şəkli və müxtəlif atributlar vurulub. "Memorial Abidə Kompleksi"ndə Azərbaycan əsgərinin xatirəsinə ucaldılmış heykəlin hündürlüyü postamentlə birlikdə 5 metr təşkil edir. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə iki bulaq da inşa edilib.

Hazırda Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq əsasında Gəncə Memorial Kompleksinin inşasına başlanılıb və onun təməli 30 yanvar 2022-ci ildə dövlət başçısı tərəfindən qoyulub.

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidləri - 13 qəhrəman məhmətçiyin xatirəsi də əbədiləşdirilib, "Şah Abbas - Cümə məscidi"nin önündə abidə ucaldılıb.

Qədim və həmişəcavan şəhərdə həyata keçirilmiş bu möhtəşəm işlər ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi daimi diqqət və qayğının nəticəsidir. Gəncəlilər də bu diqqət və qayğıya əməli işləri ilə cavab verir, ölkə başçısının daxili və xarici siyasətini elliklə dəstəkləyir, ölkəmizdə bundan sonra da həyata keçiriləcək taleyüklü işlərə öz sanballı töhfələrini verəcəklərinə əminlik ifadə edirlər.

Vaqif TANRIVERDİYEV,

"Respublika".