Daşınmaz əmlak sahəsində güzəştlər tətbiq edilməklə tariflər azaldıldı
İQTİSADİYYAT

Daşınmaz əmlak sahəsində güzəştlər tətbiq edilməklə tariflər azaldıldı

Tənzimlənmə zamanı sosialyönümlülük, iqtisadi əlverişlilik nəzərə alınaraq xidmət səviyyəsinin yaxşılaşdırılması əsas götürülüb

31 iyul 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında dövlətin sosial siyasətinə uyğun olaraq, tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınaraq, iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin sosial siyasəti sosial ədalətin bərqərar olunmasına, bazar iqtisadiyyatı yolu ilə milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə istiqamətlənmiş proqramlar şəklində həyata keçirilən davamlı və dinamik prosesdir. Dövlətin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə üstünlük verilir. Ölkəmizin uğurlu siyasəti, aparılan təkmil islahatlar, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı iqtisadi inkişafa geniş imkanlar açır. Azərbaycan postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq yeni sosial-iqtisadi inkişaf modelini təqdim edir. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığı atılan bütün addımlarda özünün aydın ifadəsini tapır. Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bununla yanaşı iqtisadi inkişaf bütün sahələrdə xidmət səviyyəsini yüksəldir.

Yeni tarif tənzimlənməsində də məqsəd daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsidir.Daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb. Yeni tariflərlə nəzərdə tutulan güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur.

Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kvadratmetrə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib. Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kvadratmetr üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kvadratmetr üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 46 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin edilməsi məqsədilə aidiyyəti qurumların rəyi əsasında 46 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Mustafa KAMAL,

"Respublika".