Dağların o üzü də bizim vətəndir
Siyasət

Dağların o üzü də bizim vətəndir

Qərbi Azərbaycana qayıdışın reallığa doğru ilk addımları "Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik". Bu fikirlər ölkə  başçısı İlham Əliyevin növbəti düzgün hədəfidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində  qəhrəmanlıq dastanı yazdı, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımız uzun illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.  19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra dövlət suverenliyimiz tam şəkildə təmin olundu. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olaraq, bütün silah-sursat və ağır texnikanı təhvil verdilər. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, qarabağlılar artıq öz doğma torpaqlarına qayıdır, azərbaycanlıların növbəti qayıdacaqları yer Qərbi Azərbaycan olacaqdır. İllər öncə Qərbi Azərbaycandan deportasiya olunmuş insanlar öz doğma torpaqlarına qayıdıb orada yaşamaq arzusunun reallaşacağı günü səbirsizliklə gözləyirlər. Dövlət başçısının da qeyd etdiyi kimi, bu proses beynəlxalq hüquq normalarına əsaslanmaqla həyata keçirilməlidir. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.

Cənubi Qafqaza vaxtilə köçürülən ermənilər bu bölgədə bəlaya çevrilib, "dənizdən-dənizə böyük Ermənistan" kimi uydurma ideyalarla qədim torpaqlarımızda özlərinə yer edərək azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, onları soyqırımına məruz qoyublar. Bu proses ötən əsrin sonlarında daha geniş vüsət alıb. 1988-ci ildən başlayaraq 300 min Qərbi azərbaycanlı doğma ocağından didərgin salınıb. Qarabağ və ətraf rayonlar işğal olunub. Ermənilər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etmədilər, əksinə daha böyük həvəslərə düşdülər. Lakin Azərbaycan dövləti öz ərazi bütövlüyünü məğlubedilməz ordusu və xalq-iqtidar birliyi ilə bərpa etdi. Azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərində dövlətimiz irimiqyaslı tikinti-quruculuq işlərinə başladı. Qələbədən ötən üç il müddətində işlər sürətlə və uğurla həyata keçirilir. Abadlaşan, yenidən qurulan yurd yerlərinə sakinlərin böyük köçü davam edir. Hər zaman sülh tərəfdarı olan Azərbaycan Qarabağda yaşayan erməni əsilli sakinləri tamhüquqlu vətəndaş kimi birgəyaşayışa dəvət edir. Bu mənada, 30 il öncə indiki Ermənistan ərazisindən deportasiya edilən  Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışı vacibdir. Lakin Azərbaycan tərəfinin haqlı tələbi nəinki Ermənistanı, bəzi ermənipərəst dövlətləri də narahat edir. Əgər beynəlxalq müstəvidə bəzi qüvvələr bu tələbi Azərbaycan tərəfindən Ermənistana qarşı təhdid kimi qəbul edirsə, o zaman tarixə nəzər salmaları yaxşı olardı. Çünki Qərbi azərbaycanlılar əzəli yurd-yuvalarına qayıtmaq istəyirlər. Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi torpaqlarına qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".