Dağətəyi   bölgələrdə   melioratorlar qapalı boru xətti ilə  suvarmaya  üstünlük  verirlər
İQTİSADİYYAT

Dağətəyi   bölgələrdə   melioratorlar qapalı boru xətti ilə  suvarmaya  üstünlük  verirlər

Kənd  əməkçiləri   bilirlər  ki, bol  məhsul əldə olunmasında  keyfiyyətli  suvarma  başlıca  şərtdir. Lakin  ərazinin  relyefindən, habelə   su   mənbəyinin  harada   yerləşməsindən   asılı  olaraq   suvarma  da  müxtəlif   üsullarla  həyata  keçirilir. Dağlıq  və  dağətəyi bölgələrdə   melioratorlar əsasən qapalı   boru    xətti   ilə suvarmaya  üstünlük  verirlər. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Xızı rayon Suvarma Sistemləri İdarəsi yaz suvarma mövsümünə hazırlaşır. Son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar yeni  sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Ölkə başçısının müvafiq sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi   çərçivəsində bu gün rayonda suvarılan sahələr 12959 hektar təşkil edir.

Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 337 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 236 km-i isə qapalı tiplidir. Rayonun Giləzi qəsəbəsinin də suvarma suyu təminatını yaxşılaşdırmaq məqsədi ilə 1200 metr qapalı boru vasitəsilə su xətti çəkilib. Bu layihənin icrasından sonra 50 hektar ərazinin rahat və itkisiz suvarılması təmin edilib.

36500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edən Ağdaş Suvarma Sistemləri İdarəsi 2022-ci ildə 15376 hektar sahədə dənli bitkilərin suvarılmasında 3,8563 hektar yem bitkiləri sahəsində 6,1288 hektar bostan-tərəvəz sahəsində 5,7,6035 hektar çoxillik bitkilər sahəsində 5,4,4450 hektar həyətyanı sahələrdə 6,6,681 hektar çəltik bitkiləri sahəsində 4,252 hektar biyan bitkiləri sahəsində 4 dəfə vegetasiya suvarılması aparıb. Ötən il ərzində üst-üstə 170 min hektara yaxın sahədə suvarılma aparılaraq yekunlaşıb. İdarə ötən il olduğu kimi, bu il də yeni suvarma mövsümü üçün hazırlıq işlərini bir neçə istiqamətdə davam etdirir.

Suvarılmanın yaxşılaşdırılması, su itkisinin qarşısının alınması istiqamətində də Ağdaş Suvarma Sistemləri İdarəsi tərtib olunmuş plana uyğun olaraq lildən təmizləmə və torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini davam etdirir. Ötən il ərzində suvarma kanallarında mexanizmlər vasitəsilə aparılmış lildən təmizləmə işlərinin həcmi  820 kilometr olub. Bundan başqa, idarə  tərəfindən 14 ədəd müxtəlif  hidrotexniki  qurğuda  cari  təmir  işləri görülüb.

Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı, daşqın və selə qarşı mübarizə tədbirləri də aparır.

Nəriman  CAVADOV,

“Respublika”.