COVID-19 ilə düzgün mübarizə: Azərbaycan nümunəsi
Səhiyyə

COVID-19 ilə düzgün mübarizə: Azərbaycan nümunəsi

İnsan və ya heyvanlar arasında yayılması sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar vardır ki, bunlardan biri də koronavirusdur. Sözügedən virus (COVID-19) 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində yarandı. Daha əvvəl bu virus haqqında insanlara heç nə məlum deyildi.

COVID-19-un ən qəribə tərəfi də odur ki, insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn, Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilirdi. Asanlıqla başqasına yoluxa bilən bu xəstəliyin yayılması beynəlxalq səviyyədə narahatlığa səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 2020-ci ildə artıq dünyanın hər bir yerində insanlar bu xəstəlik haqqında danışırdı. Hər yerdə virus və ondan özümüzü necə qorumaq haqqında məlumat var idi. Dünyada koronavirusun yayılması baxımından ən təhlükəli ölkələr siyahısında ilk yeri ABŞ tutub. İnsan itkisinə görə isə İtaliya bir zamanlar koronavirusun "beşiyi" sayılan Çini də ötmüşdü. Sürətlə yayılan ölkələr siyahısına Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, eyni zamanda Avropa və Asiyanın digər ölkələri də daxil idi.

COVID-19-un əhatə dairəsinin genişlənməsi ölkəmizə də öz təsirlərini göstərdi. Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olundu və əhalinin sosial təcrid olunması təmin edildi. 2020-ci il 2 mart tarixində bu ölümcül infeksiyanın yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı, dezinfeksiya və başqa profilaktik tədbirlər həyata keçirildi. Gün keçdikcə virusa yoluxmalar artır və bu səbəbdən də xüsusi karantin rejiminin müddəti uzadılırdı.

Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib. Nəticədə ölkəmiz Qoşulmama Hərəkatı üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Həmçinin Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü olaraq yardım etdi. Həmçinin ölkəmiz tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistana, eyni zamanda Türk Dövlətləri Təşkilatının vasitəçiliyi ilə Afrika ölkələrinə humanitar yardım kimi vaksinlər çatdırılıb.

Bununla yanaşı, 2021-ci il yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verildi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edildi. Və buna uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olundu.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən etibarən lazımi addımları atmaqla, beynəlxalq təşkilatlarla dərhal müvafiq əməkdaşlığa başlamaqla buna nail olub. Alimlərin fikrinə görə, pandemiyanın sonlanması üçün immunitetin formalaşması vacibdir və bu, əsas hədəfdir. Bunun üçün isə insanların peyvənd olunması mütləqdir. COVID-19 xəstəliyi əleyhinə iki doza vaksin vurduranlara "Peyvənd sertifikatı", xəstəliyə yoluxub sağalanlara isə "İmmunitet sertifikatı" təqdim edilirdi.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan koronavirus səbəbindən ən az itki verən ölkələr sırasında oldu.

Röya RÜSTƏMLİ,

"Respublika".