Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Gündəm

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2023-cü il 21 dekabr və 23 dekabr tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədlikləri özləri tərəfindən irəli sürülmüş Sərvan İdris oğlu Kərimovun, Mətləb Əzizulla oğlu Mütəllimlinin, Abutalıb Qənbər oğlu Səmədovun, Fikrət Hüseyn oğlu Yusifovun, Yusif Qəzənfər oğlu Bağırzadənin, Arzuman Səid oğlu Abdulkərimovun, Yunus İsaxan oğlu Oğuzun və Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Komissiya öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq olunanlardan səlahiyyətli nümayəndələr təqdim edənlərin müraciətlərinin təmin olunmasına qərar verib.

Xarici ölkə səfirliyinin və media qurumlarının nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.